Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Əmircanovun matc.az saytına müsahibəsi
- Ölkə çempionatının cari mövsümü ilə bağlı hansı fikirdəsiniz? Əksəriyyət bu mövsüm rəqabətin artdığını deyir. Bu fikirlə razısınız?
- Razıyam. Çünki mövsüm ərzində çox sürpriz nəticələr qeydə alındı. Komandalar dəridən-qabıqdan çıxırlar ki, mövsümün sonunda lazım olan nəticəni əldə etsinlər. Oyunlarda meydançanın hər bir qarışı uğrunda mübarizə gedir. Bir çox komandanın avrokuboklara vəsiqə qazanmaq şansı var və hər kəs də bundan istifadə etmək istəyir. Bu isə rəqabətin artmasına səbəb olur, futbolçular daha məsuliyyətli oynayırlar.
- Vaxtilə rəhbərliyi altında oynadığınız Kaxaber Sxadadze çətin vəziyyətdə olan "Qəbələ"ni çalışdırmağa razılıq versə də, hələ ki, gedişatı dəyişə bilmir. Bu təyinatı necə qarşıladınız? Sxadadzeni gətirmək gecikmiş addım deyildi?
- Sxadadze çox güclü mütəxəssisdi. O, ilk dəfə Azərbaycana gələndə, 2007-ci ildə “Standard” klubunda birgə çalışmışıq. Bu adam futbolun sirlərini çox yaxşı bilir. Öz baxışı, futbol fəlsəfəsi var. Azərbaycan futbolunda ad qoymuş məşqçidi. “Qəbələ” klubunun onu gec gətirib-gətirməməsi ilə bağlı heç nə deyə bilmərəm. Sabiq baş məşqçiləri Elmar Baxşıyev də yaxşı mütəxəssisdi. Düzdü, cari mövsümdə komanda zəif oynadı. Bəlkə də baş məşqçinin ürəyi istədiyi futbolçuları komandada saxlaya bilmədilər. Keçənilki kollektivləri dağıldı və əvəzində o uşaqları əvəz edə biləcək legionerlər gətirə bilmədilər deyə, komanda aşağı səviyyədə çıxış etməyə başladı. Rəhbərlik Sxadadeni istər sona 3 tur qalmış, istər 1-ci dövrə bitəndən sonra gətirsin, mən onun komandanı düzəldəcəyinə inanıram. Düşünürəm ki, Sxadadzeni gətirməklə yanlış qərar verməyiblər, işinə-gücünə bələddilər.
- Milli komandamızın martın sonunda Monqolustan və Bolqarıstanla keçirdiyi yoldaşlıq oyunları haqda nə deyə bilərsiniz?
- Hazırda böyük ümid bəslədiyimiz futbolçular - Musa, Ramil və legioner olan digərləri öz komandalarının əsas heyətində daim oynamırlar. Bu da millinin görüşlərində dərhal özünü büruzə verir.
- Yığmanın hazırkı heyətini son illərin ən güclüsü adlandıranlar var. Bu fikri qəbul edirsiniz?
- Son illərin ən güclü heyəti deyəndə ki, məgər bizim vaxtımızda, konkret olaraq Berti Foqtsun yığmanı çalışdırdığı dönəmdəki heyət zəif idi? Kamran Ağayev, Rəşad Sadiqov, Rəşad Sadıqov, Mahir Şükürov, Maksim Medvedev, Qara Qarayev, Rauf Əliyev, Əfran İsmayılov və digər yaxşı futbolçular var idi. Həmin vaxt millimiz Portuqaliya kimi komandalarla sonadək mübarizə aparırdı. Bəyəm köhnələr yaxşı futbolçu olmayıb? Bu, yanlış fikirdi. Hazırkı heyət də yaxşıdı. Amma vaxtilə yığmada can qoyan futbolçuları da yaddan çıxarmaq lazım deyil.
- Qonşumuz Gürcüstanın yığma komandası Avropa çempionatına vəsiqə qazanır, biz isə monqollara güclə qalib gəlirik. Futbolumuzda bu qədər pullar dövr etdiyi halda, niyə kasıb Gürcüstanın imza atdığı uğura biz nail ola bilmirik?
- Gürcüstan millisinin əksər futbolçuları legioner həyatı yaşayırlar və öz klublarında əsas heyətdə oynayırlar. Müasir futbol tempində elə yüksək səviyyədə çıxış edirlər ki, hamısı bir araya yığılanda Avropanın bir güclü komandası kimi meydançada mübarizə aparırlar. Buna görə də Avropa çempionatının final mərhələsinə vəsiqə qazanırlar. Az öncə dediyim kimi, bizim legioner həyatı yaşayan, böyük ümid bəslədiyimiz futbolçular isə öz klublarında daim əsas heyətdə oynamırlar. Ramil Şeydayev “Qarabağ”da mütəmadi çıxış edəndə millidə də əla oyun göstərirdi və komandanı arxasınca dartırdı. İndi isə klubunda az oynayır, digərləri də həmçinin. Klublarında əsas heyətdə daimi oynayandan, oyun praktikasından əziyyət çəkməyəndən sonra bizim futbolçular da özlərini müsbət tərəfdən göstərə biləcək.