Premyer Liqada 31-ci turun bəlkə də ən gərgin, prinsipial oyunu Tovuzda baş tutacaq. 42 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alan “Turan Tovuz” özündən 2 xal və 2 pillə öndə qərarlaşan “Sumqayıt”la üz-üzə gələcək.

Hər iki komanda üçün avrokuboklara vəsiqə uğrunda çox vacib görüşdü. Oyun ətrafında indidən çox böyük ajiotaj yaranıb, müxtəlif iddialar var.

“Sumqayıt” düşərgəsində sabiq baş məşqçiləri Ayxan Abbasovun uğurlarının həzm olunmamasının səbəbi çoxdan, həm də çoxlarına bəllidi. “Kimə uduzursan uduz, bircə Ayxan Abbasova, “Turan”a uduzma!” deyimini, komandaya ən çox “premya”nın məhz “Turan Tovuz”la oyunlarda verildiyini az qala bütün futbol camiəsi bilir. Bu səbəbdən nəyin bahasına olursa-olsun, Qərb təmsilçisi məyus edilməlidi!

Bəs bunun ən asan yolu hansıdı?

Ölkə futbolu adına məkrli planın əsas hissəsi ondan ibarətdi ki, “Sumqayıt” Tovuzdan 3 xalla dönməli, təzəlikcə istifadəyə verilmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda avrokubok matçı keçirməyə addım-addım yaxınlaşmaqdı. İddialara görə, bu işin içində bəzi hakimlər də yer alıb ki, bu barədə zaman-zaman mediada, sosial şəbəkələrdə xeyli iddialar səslənib.

Fikrimcə, bu görüşü yenilənmiş AFFA rəhbərliyi mütləq izləməlidi. Nə baş verəcəksə, öz gözləri ilə görsünlər. Yüz eşitməkdənsə, bir dəfə görmək, daha yaxşı deyilmi?

Çoxları bilir, “Turan Tovuz”un “Səbail”lə ev oyunundan əvvəl sosial mediada xəbərlər yayılmışdı ki, həmin görüşün baş hakimi Rauf Allahverdiyev meydan sahiblərini uduzduracaq. AFFA-nın baş katibi Sərxan Hacıyev məhz bu səbəbdən həmin oyunu stadiondan izləmişdi və meydan sahiblərinin 3:1 hesablı qələbəsindən sonra məğlub komanda hakimliyə etiraz etməmişdi. Yəni, nəzarət olanda, təmiz hakimlik etmək mümkündü.  

Bəs bu prinsipial oyunu kim idarə etməlidi?

Mediada yazılanlara inansaq, Premyer Liqada hakim təyinatları “Sumqayıt”a yaxın şəxslərin əli ilə edilir. Əgər həqiqətən elə deyilsə, Hakimlər Komitəsi bu qarşılaşmaya ölkənin ən yaxşısı olan Əliyar Ağayevi təyin etsin!

Bəzi hakimlər bu oyunun ağırlığına dözməz, bəziləri isə...

Çox uzağa getməyə ehtiyac yoxdu. Məsələn, Elçin Məsiyev “Sumqayıt”ın formasını geyinən hakim kimi tanınır. Onun “Neftçi” ilə görüşdə sumqayıtlılara etdiyi canfəşanlığının, paytaxt klubunu qələbəyə həsrət qoymasının üstündən çox keçməyib. Cari mövsüm Məsiyevin idarə etdiyi görüşlərdə “Sumqayıt” 11 xal toplayıb - 3 qələbə, 2 heç-heçə. 

Cavid Cəlilovun “Sumqayıt”la hansı əlaqələri var, bu da sirr deyil...

Kamranbəy Rəhimovun “Araz Naxçıvan”la oyunda “Sumqayıt”ın lehinə verdiyi biabırçı penalti qərarı hələ uzun müddət yaddaşlarda qalacaq. Həmin oyundan sonra Hakimlər Komitəsinin sabiq sədri Xəqani Məmmədovun dediklərinə bir daha diqqət edək: “Çox iyrənc penalti qərarı idi. Fikir verin, Kamranbəy Rəhimov uzun müddətdir ki, cəzalı idi. İndi onu məhz bu oyuna verirlər. VAR-da oturan Cavid Cəlilov Hakimlər Komitəsində departament rəhbəridir. Oyunun hakim-inspektoru isə Hakimlər Komitəsinin sədri Barış Şimşək idi. Vallah, biabırçılıqdır. Görürəm ki, doğrudan da 2-3 klubu həyasızcasına yuxarı dartırlar”.

Sözsüz ki, “Sumqayıt” güclü komandadı, iddialıdı, yaxşı rəhbərliyi, pozitiv baş məşqçisi var. Çox yaxşı oyunlar keçirib, prinsipial görüşlərdə inamlı qələbələri də az deyil. 44 xalın hamısı hakimlərin sayəsində qazanılmayıb. Amma Xəqani Məmmədov köhnə sənətkardı, meydanda baş verənləri, qərarları çox gözəl oxuyur. Aşkar şəkildə “2-3 klubu həyasızcasına yuxarı dartırlar” deyirsə, və buna cavab verilmirsə, deməli, bildiyi nə isə var...

Bu yerdə bilmirsən, “Od olmayan yerdən tüstü çıxmaz” məsəlinə inanasan, ya yox...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest