AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının X turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.
“Səbail”lə ev görüşünün 81-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuça 1 oyunluq cəza, klubuna 1000 manat cərimə kəsilib. Oyunun fasiləsində meydançaya kənar şəxsin daxil olması “Neftçi”ni daha 800 manat xərcə salıb.
“Zirə” ilə qarşılaşmanın 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alan “Sabah”ın köməkçi məşqçisi Saşa Sablyak 1 oyun şərti olmaqla 2 görüşlük cəza alıb, klub 1000 manat cərimələnib. Məşqçiyə 3 aylıq sınaq müddəti təyin edilib.
“Sumqayıt”la səfər qarşılaşmasının ikinci hissəsində meydana gec çıxan “Turan Tovuz” 1500 manat cərimələnib.