“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Georgi Adamiyanın matc.az saytına müsahibəsi
- “Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində bu gün “Ayaks”ı qəbul edəcək. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
- Hamı “Ayaks”ın gücünə bələddi. Rəqib çox yaxşı komandadı, olduqca baxımlı oyun göstərir. “Qarabağ”ı çətin görüş gözləyir. Amma düşünürəm ki, Qurban Qurbanovun komandası “Malmö”yə Bakıdakı məğlubiyyətdən sonra bu matça mütləq qələbə üçün çıxacaq. Ümid edirəm ki, “Qarabağ” məqsədinə çatacaq və azarkeşlərini sevindirəcək. Hamımız maraqlı oyun gözləyirik.
- Ötən il “Bayer”lə başabaş mübarizə aparan “Qarabağ”la müqayisədə hazırkı komanda zəif təsir bağışlayır?
- Mən keçənilki “Qarabağ”la hazırkı “Qarabağ” arasında böyük fərq görmürəm. Demək olar ki, həminki heyətdi, komanda yenə yaxşı futbol nümayiş etdirir. Ötənilki heyətlə müqayisə etsək, təkcə qapı xəttində dəyişiklik baş verib. Qalanlar isə həmin oyunçulardı. Buna görə də iki komanda arasında böyük fərqin olduğunu düşünmürəm. Sadəcə, keçən il “Qarabağ” avrokuboklarda daha çox qələbələr qazanırdı. Yəqin bəziləri buna görə həmin komandanın daha güclü olduğunu düşünür. Məncə, “Qarabağ” avrokubokların cari mövsümündə də sözünü deyəcək.
- Bəziləri rusiyalı qapıçı Andrey Lunyovun gedişindən sonra “Qarabağ”ın onun yerini doldura biləcək qapıçı almadığını düşünür. Bu fikirlə razısınız, yoxsa heyətə cəlb edilən Fabian Buntiç və Mateus Koxalskinin səviyyəli qolkiper olduqları qənaətindəsiniz?
- Lunyovun çox yaxşı qapıçı olması ilə razılaşıram, mən də onu bəyənirdim. Amma Buntiç və Koxalskinin Andreydən zəif olduqlarını deyə bilmərəm. Əminəm ki, onların hər ikisi qarşıdakı matçlarda özlərini yaxşı tərəfdən göstərə biləcəklər.
- Necə düşünürsünüz, “Qarabağ” Avropa Liqasında pley-offa adlaya biləcək?
- Hələ ki Liqa mərhələsində cəmi 2 oyun keçiriblər. Hər iki görüşdə uduzmasına baxmayaraq, “Qarabağ”ın pley-offa çıxmaq şansının qaldığını düşünürəm. Əminəm ki, komandanın qarşısına da məhz bu məqsəd qoyulub və onlar hədəflərinə çatmaq üçün əllərindən gələni edəcəklər. Uğursuz gedişatı dəyişmək üçün “Qarabağ”a bir qələbə lazımdı.
- Digər sabiq komandanız “Neftçi”nin baş məşqçisi postunda Roman Qriqorçukun Samir Abasovla əvəzlənməsini necə qarşıladınız?
- Bu, “Neftçi” rəhbərliyinin qərarıdı, onlar dəyişikliyi məqsədəuyğun saydılar. Samir Abasov “Neftçi” üçün yad sima deyil. Bunadək də komandanı çalışdırıb və Azərbaycan çempionu olub. “Qarabağ”ın hegemonluq etdiyi son illərdə cəmi 1 il “Neftçi” qızıl medallara sahib çıxıb, onu da Samir Abasovun rəhbərliyi altında bacarıb. Ona uğurlar arzulayıram. İşinə qələbə ilə başlaması məni sevindirdi.