“Bu gün hazırlığa başladıq. Komanda Bakıda 3 məşq keçəcək. Bu da daha çox taktiki planda olacaq və standartların yerinə yetirilməsi üzərində işləyəcəyik. Noyabrın 3-də Bosniya və Herseqovinaya yola düşəcəyik. Orada oyundan əvvəl bir məşqimiz olacaq. Daha sonra 2 görüş keçirəcəyik”. Matc.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.
Futzal Federasiyasının saytına açıqlama verən Borisov səfərə tam heyətlə yollana bilməyəcəklərini qeyd edib: “Bilirsiniz ki, qapıçımız Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirir. Düşündük ki, o, klubunda qalsın və çempionat oyunlarında iştirak etsin. Çünki Qazaxıstan çempionatının oyunları davam edir. Eləcə də zədə və digər səbəblərdən bu toplanışa qatılmayan futzalçılarımız var. Ümumi götürdükdə, komandada vəziyyət yaxşıdı, uşaqlar istəklidilər. Artıq Azərbaycan çempionatı da start götürüb və 3 tur oynanılıb. Bu da futzalçıların oyun təcrübəsi qazanması, milliyə daha hazırlıqlı gəlməsi baxımından önəmlidi”.
Borisov bildirib ki, hər iki yoldaşlıq oyunu İsveçlə dekabrın 17-də Bakıda keçiriləcək rəsmi matça hazırlıq xarakteri daşıyır: “Rəqibimiz yaxşı komandadı. “Araz-Naxçıvan”la UEFA Çempionlar Liqasının ilkin mərhələsində İsveç çempionuna qarşı oynamışıq. Həmin heyətdə millinin 5-6 futzalçısı yer almışdı. Demək olar, son 5-6 ildə milliləri eyni heyətlə çıxış edir. Bizi çətin qarşılaşma gözləyir”.