Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Bosniya və Herseqovinaya 0:7 hesabı ilə uduzduğu yoldaşlıq matçı haqda danışıb.
“Çox pis oynadıq. Birinci hissədə müqavimət göstərdik, mümkün qədər mübarizə apardıq. Təəssüf ki, fasiləyə 2 saniyə qalmış qol buraxdıq. Halbuki bizim də epizodumuz oldu”. Matc.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.
O, komandamızın Bosniya və Herseqovinaya 0:7 hesabı ilə uduzduğu yoldaşlıq matçı haqda danışıb: “İkinci hissədə ardıcıl qollar buraxdıqdan sonra uşaqlar ruhdan düşdü. Bu görüşün ən yaxşısı qapıçımız Emin Kürdov oldu. Ona “çox sağ ol” düşür. Əlindən gələn qədər köməklik etdi”.
Borisov sözlərinə belə əlavə edib: “İşimiz çoxdu. Belə oyunla heç nəyə nail ola bilmərik. Düzdü, milli çempionat yeni başlayıb, amma əsas çatışmazlıq beynəlxalq oyun təcrübəsinin azlığıdı. Bu baxımdan “Araz-Naxçıvan”ın üzvləri və milliyə bir müddətdi dəvət olunan futzalçılar nisbətən seçilirlər. Oyunu təhlil edəcəyik”.