Hər məşqçinin öz fəlsəfəsinin olduğunu qeyd edən Musa bildirib ki, Fernandu Santuş böyük məşqçidi.

"5 gündü ki, Qəbələdə təlim-məşq toplanışındayıq. Başa düşürük ki, Estoniya ilə oyun bizim üçün olduqca vacibdi”. Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı deyib.

Millətlər Liqasının V turunda sabah Estoniya ilə qarşılaşacaq yığmamızın üzvü oyunöncəsi mətbuat konfransında maraqlı fikirlər səsləndirib. O, millimizin turnirdə D Liqasına düşmək təhlükəsi ilə üz-üzə qaldığının fərqində olduqlarını deyib: “Taktiki və psixoloji baxımdan yaxşı hazırlaşırıq. Mübarizə aparacağıq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Həqiqətən də, bu oyun bizim üçün çox önəmlidi. Yalnız qələbəyə köklənmişik”.

Qurbanlı cari mövsümdə qol hesabını açmamasına toxunub: “Bilirsiniz ki, mövsümün əvvəlində zədələndim, ardınca əməliyyat olundum. Təzə-təzə oynamağa başlamışam. Optimal formamı bərpa etdikdən sonra hər şey qaydasına düşəcək”.

Hər məşqçinin öz fəlsəfəsinin olduğunu qeyd edən Musa bildirib ki, Fernandu Santuş böyük məşqçidi: “Santuşun uğurları göz önündədi. Bu, mənim onunla ilk təlim-məşq toplanışımdı. Santuşun fəlsəfəsini meydanda 100 faiz həyata keçirməliyik. Bunu bacarandan sonra nəticələr yaxşılaşacaq”.

Qurbanlı yığmaya çağırılmağının onun üçün şans olduğunu bildirib: “Hər bir futbolçu millidə olmağa çalışır. Zədədən təzə qayıtdığımın fərqindəyəm. Buna baxmayaraq, həmişə millidə oynamağa hazıram”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest