“Evdəki oyunda olduğu kimi, bu dəfə də yaxşı nəticə qazanmağa çalışacağıq. Hər bir yığma komanda daha yüksək liqada oynamaq istəyər. Qrupumuz güclü komandalardan təşkil olunub”. Matc.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn deyib.
O, Qəbələdə Azərbaycan yığmasına qarşı baş tutacaq UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun matçından öncə mətbuat konfransı keçirib.
Henn Azərbaycana qələbə dalınca gəldiklərini qeyd edib: “İsveç və Slovakiya yığmaları Azərbaycan və Estoniya üçün çətin rəqiblərdi. Sabah öz oyunumuzu göstərməyə çalışacağıq. Komandamın performansından çox şey asılıdı”.
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Estoniya qarşılaşması saat 18:00-da start götürəcək.