Azərbaycan yığmasının sabiq hücumçusu Nadir Nəbiyevin matc.az saytına müsahibəsi

- “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində bunaqədərki çıxışını necə dəyərləndirirsiniz?

- “Qarabağ”ın bu mərhələyə gəlməsi özü bir uğurdu. Qrupdakı rəqiblərin səviyyəsini görürük. Buna baxmayaraq, “Qarabağ” 4 oyunun heç birində zəif təsir bağışlamayıb.

- Azərbaycan çempionu növbəti oyununda sabah “Lion”u qəbul edəcək. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

- “Lion” həm yaxşı, həm də çətin rəqibdi. Hər kəs rəqibin hansı çempionatda oynadığını və heyətində kimlərin yer aldığını bilir. Bəllidi ki, ağır oyun olacaq. Buna baxmayaraq, “Qarabağ”a inanıram. Ümid edirəm ki, yaxşı nəticə ilə azarkeşləri sevindirə biləcəklər.

- “Qarabağ”ın heyətində kimin “Lion”a qol vuracağına daha çox inanırsınız?

- Kimin qol vurmasının fərqi yoxdu. Əsas odu ki, top tora daxil olsun. “Qarabağ”ın heyətində qol vurmağı yaxşı bacaran futbolçu kifayət qədərdi. Mənim üçün kimin fərqlənməsi önəmli deyil, əsas rəqib qapısına yol tapa bilməkdi.

- “Qarabağ”ın Avropa Liqasında pley-offa çıxmaq şansı nə dərəcədə realdı?

- “Qarabağ”, demək olar ki, hər il azarkeşləri uğurlu nəticələrlə sevindirir. Həqiqətən də, avrokuboklarda çox çətin rəqiblərlə mübarizə aparır. Qarşılaşdığı komandaların hər biri öz ölkəsinin ən güclüləri sırasında yer alır. İnanıram ki, “Qarabağ” uğurlu nəticəni davam etdirə və pley-offa vəsiqə qazana biləcək.

- Hazırkı “Qarabağ”da sizi narahat edən məqam hansıdı?

- Son matçlarda əsas heyətdə yer alan Bədavi Hüseynovun zədəli olması müdafiədə çətinlik yarada bilər. Ümumi götürsək, “Qarabağ”da hər hansı bir narahatedici məqam görmürəm. Olsa belə, Qurban Qurbanov o narahatlığı aradan qaldırar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest