“Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyevin matc.az saytına müsahibəsi

- "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində bu gün “Lion”la keçirəcəyi oyundan hansı nəticəni gözləyirsiniz? Təmsilçimiz ötən turdakı qələbənin ardını gətirə biləcək?

- Düşünürəm ki, “Qarabağ” “Lion” kimi adlı-sanlı klubla qarşılaşmasına rəğmən, bu gün uğurlu nəticəyə imza ata bilər. Rəqibin gücü hər kəsə bəllidi. “Lion” Aleksandr Lyakazett, Nemanya Matiç və Korentin Tolisso kimi çoxlu tanınmış futbolçuya sahib olsa belə, təmsilçimizin evdə yaxşı nəticəyə imza atmaq şansını real hesab edirəm. “Qarabağ” “Bodo Qlimt”lə son matçda inamlı oynayaraq qələbə qazanmışdı. Fikrimcə, komandamız bunun ardını gətirə bilər.

- Rəqibin heyətində ən çox kimdən ehtiyat edirsiniz? "Qarabağ"ın müdafiə xətti “Lion”un daha çox hansı oyunçusunu diqqətdə saxlamalıdı?

- “Lion”un heyətində yaxşı futbolçu çoxdu. Amma ən tanınmışı komandanın kapitanı və əsas “qol silahı” olan Lyakazettdi. Mən ən təhlükəli onu hesab edirəm. Lyakazettə boş zona, qısa məsafə versən, fürsətdən istifadə edəcək. Çünki dünya səviyyəli hücumçudu. “Qarabağ”ın müdafiə xətti ən çox ona diqqət etməlidi.

- Bugünkü matçda nə həlledici rol oynayacaq? "Qarabağ" nəyin hesabına adlı-sanlı rəqibini üstələyə bilər?

- “Qarabağ” həmişə oynadığı futbolu sərgiləsə, topla daha çox davransa, istəyinə çata bilər. Çünki komandamız topla oynamağı bacarır. Top bizdə olduğu müddətdə “Qarabağ” qol epizodları da yarada biləcək. İnanıram ki, Olavio Juninyo, Abdullah Zubir və Yassin Benzia kimi ustalıq səviyyəsi yüksək olan futbolçular bu görüşdə qol imkanlarından yararlana biləcəklər.

- "Qarabağ"ın Avropa Liqasında pley-offa çıxmaq şansını necə dəyərləndirirsiniz?

- Hazırkı məqamda pley-offa çıxmaq çətin görünür. Çünki komandamızın hesabında bir qələbə var. Amma “Qarabağ” heç kimin gözləmədiyi anlarda həmişə sürpriz nəticələrə imza atmağı bacarıb. Fikrimcə, yenə yaxşı nəticə ilə bizi sevindirə bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest