AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XV turunda keçirilən oyunlarla bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, komitə xüsusən də, “Neftçi” – “Qarabağ” görüşündə yaşananları diqqət mərkəzində saxlayıb.

Azarkeşləri tərəfindən meydançaya kənar əşya atılması “Neftçi”ni 800 manat xərcə salıb. Həmçinin bakılıların azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal mövsümdə ikinci dəfə yaşandığından, klub daha 500 manat cərimələnib.

Meydan sahibləri meydançaya gec çıxdığı üçün qarşılaşma vaxtında başlamayıb. Bu, “Neftçi”ni əlavə 1500 ziyana salıb.

“Qarabağ” isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsi ucbatından 1500 manat cərimə ödəməli olacaq. Ağdam klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Sadəcə, bu hal mövsümdə ilk dəfə yaşandığ üçün İntizam Komitəsi xəbərdarlıq etməklə kifayətlənib.

O ki qaldı turun digər oyunlarına, “Araz-Naxçıvan” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində qonaqların azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz”a xəbərdarlıq olunub.

“Şamaxı” ilə oyunda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” və “Zirə” ilə görüşdə 5 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 700 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest