“Sabah” klubunun futbolçusu Tellur Mütəllimovun matc.az saytına müsahibəsi

- Söhbətə yeni baş məşqçiniz Vasili Berezutskinin rəhbərliyi altında keçirdiyiniz ilk oyundan - çempionatda “Səbail”ə qalib gəldiyiniz matçdan (1:0) başlayaq…

- Bu görüşədək uzun müddət idi ki, qalib gələ bilmirdik. Ona görə də “Səbail”lə qarşılaşma bizim üçün ikiqat vacib idi. Rəqib də meydandan xalla ayrılmaq istəyirdi, bu səbəbdən sona kimi mübarizə apardılar. Buna baxmayaraq, meydanda üstün tərəf biz idik. Şadam ki, “Səbail”ə qalib gəlməklə qələbəsizlik seriyasına son qoyduq.

- Bu matçadək 7 oyun idi ki, qalib gələ bilmirdiniz. Bu, üzərinizdə təzyiq yaradırdı?

- Əlbəttə, yaradırdı. Ardıcıl xal itkiləri istər-istəməz komandanın üzərində təzyiq yaradır. Buna görə də, “Səbail”lə oyun vəziyyətdən çıxmaq baxımından çox vacib idi. Hər birimiz bunu dərk edirdik. Çox şükür ki, meydandan 3 xalla ayrılmağı bacardıq.

- Ardınca ölkə kubokunun 1/8 final mərhələsində “Turan Tovuz”u oyunsonrası penaltilər seriyasında üstələməyi bacardınız. Bu görüşlə bağlı nə deyə bilərsiniz?

- Çətin oyun oldu. Əvvəlcədən bizi gərgin matçın gözlədiyini bilirdik. Meydanda da bunun şahidi olduq. Tribunalarda çox gözəl atmosfer var idi. Hər iki komanda sonadək qələbə üçün mübarizə apardı. Şadam ki, 120 dəqiqəlik çətin mübarizədən qalib ayrılan tərəf biz olduq.

- Vasili Berezutskinin “Sabah”a uğur qazandıracağına inanırsınız? İlk dəfə baş məşqçi kimi fəaliyyət göstərməsi ona istədiklərini reallaşdırmağa əngəl olmayacaq?

- Yeni baş məşqçimizin komandaya uğur qazandıracağına inanıram. Berezutskinin baş məşqçi kimi olmasa belə, məşqçi kimi təcrübəsi çoxdu. İnanıram ki, onunla birlikdə hədəflərimizə çatacağıq.

- Misli Premyer Liqasının 16-cı turunda sizi “Qarabağ”la çətin sınaq gözləyir. Bu sınaqdan üzüağ çıxa biləcəksiniz?

- “Qarabağ”la oyunlarımız həmişə gərgin və maraqlı alınır. Bu rəqib barədə xüsusi nəsə deməyə ehtiyac yoxdu. Əlimizdən gələni edəcəyik ki, doğma meydanda yaxşı nəticə qazanaq.

- Sizcə, “Sabah” cari mövsümü neçənci pillədə bitirmək gücündədi?

- Bu barədə danışmaq üçün hələ tezdi. Çempionat elə davam edir ki, hər bir komanda digərindən xal almaq iqtidarındadı. Fikrimcə, mübarizə son turlara kimi davam edəcək. Kimin neçənci olacağını mövsümün sonunda görəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest