Oyunların nəticələrinin manipuliyasiya edilməsinə görə verilən cəzalar futbolçulara dərs olmayıb. I və II Liqada danışılmış oyunlarının olması ilə bağlı siqnallar gəlməkdə davam edir.

Oyunların nəticələrinin manipuliyasiya edilməsinə görə verilən cəzalar futbolçulara dərs olmayıb. I və II Liqada danışılmış oyunlarının olması ilə bağlı siqnallar gəlməkdə davam edir.

Ən pisi odur ki, çirkin davranışlar artıq Premyer Liqa klublarına da sıçrayıb. Bununla bağlı ciddi şübhələr var. “Şamaxı”nın iki futbolçunu komandadan qovmasının səbəbi də budur.

Əldə edilən məlumata görə, Georgi Kantariya və Adil Nağıyev bölgə klubundan uzaqlaşdırılıb. Xəbəri klubun mətbuat katibi təsdiqləyb: “Komanda hazırda Tovuzdadır və bir neçə saat sonra oyuna çıxacaq. Giorgi Kantariya ilə müqaviləyə xitam verilib. Gürcüstanlı yarımmüdafiəçi artıq komandadan xaric olunub. Adil Nağıyev isə komandanın düşərgəsində deyil. Xırda rəsmi məsələlər qalır, onlar da bitdikdən sonra rəsmi məlumat veriləcək. Ayrılıqların səbəbi? Bu, klubdaxili prosesdir. Klubun qaydaları var və hazırda buna riayət etmək məcburiyyətindəyik. Buna uyğun olaraq səbəb barəsində heç bir açıqlama verilmir”.

Yusif Hüseyn səbəbi açıqlamasa da, bəzi informasiyalar alıb. Belə ki, hər iki oyunçunun məhz “stavka” üzündən komandadan uzaqlaşdırıldığı deyilir. Kantariyanın təşkilatçılığı ilə bir neçə nəfər “Şamaxı” nın oyunlarının nəticələrinə şübhə salacaq hərəkətlər edib. Nağıyevin onunla əlbir olduğu deyilir, daha bir neçə nəfər də şübhəlilər syahısındadır.

Təbii ki, fakt olmadan kimisə ittiham etmək düzgün deyil. Amma əsas heyətin daimi üzvü olan Kantariya ilə müqavilə qəfil pozulubsa, deməli, klubun şübhələnmək üçün ciddi əsası olub. Proseslərin necə davam edəcəyini görəcəyik. Nağıyev də Tovuz səfərinə aparılmayıbsa…

Məsələ araşdırma mərhələsindədir. Maraqlıdır k, bu barədə UEFA-dan hər hansı siqnal gəlməyib, heç AFFA-nın da şübhəsi yoxdur. Təşəbbüs birbaşa klubundur. “Şamaxı” rəhbərliyi futbolçularından şübhələnib, ilkin araşdırma aparılıb və sərt qərar verilib. Rəsmi müraciətdən sonra AFFA onlarla bağlı ölçü götürəcək.

Futbolçuların ölkə kubokunun “Zirə” ilə 1/8 final matçının “üst” olmasına (oyun 3:1 hesabı ilə bitib – red.) çalışdığı deyilir. Artıq oyundan bir neçə epizodun videosu paylaşılıb və həmin anlarda Nağıyevlə Kantariyanın sanki bilərəkdən qola şərait yaratdığı görünür. Bu işdə klubların deyil, bir neçə “Şamaxı” oyunçusunun əlinin olduğu iddia edilir. Həmin futbolçuların bəzi çempionat matçlarında da bu baxımdan “fərqləndiyi” iddiaları var.

Qorxulu tendensiyadır. Həqiqətdirsə və Premyer Liqa klublarına qədər yayılıbsa, pis xəbərdir. Ümid edirik, futbolçuların heyətdən uzaqlaşdırılmasının səbəbi tamamilə başqadır. Yox, həqiqətən adı çəkilənlər bukmekerlərin əsirinə çevrilibsə, təcili tədbirlər görmək lazımdır. Yaxşı ki, “Şamaxı” özü təşəbbüskar kimi meydana atılıb və belə olayların əleyhinə olduğunu göstərir. Bu işə klublar da bulaşsa, sonrasını düşünmək belə istəmirik.

(futbolinfo.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest