UEFA klublar reytinqinin yenilənmiş siyahısı açıqlanıb. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının son oyun turları bəzi dəyişikliklərə səbəb olub.
Matc.az xəbər verir ki, Azərbaycanın çempionu "Qarabağ" reytinqdə bir pillə geriləyib. Səfərdə İsveçin "Elfsborq" klubuna 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi 32,000 xalla 63-64-cü yerləri bölüşür.
Belçikanın "Yunion" klubu Konfrans Liqasında "Nitsa" üzərində 2:1 hesablı qələbə qazanaraq xalını 33,000-ə yüksəldib və "Qarabağ"ı geridə qoyub. İngiltərənin "Aston Villa" klubu isə xalını 32,000-ə çatdıraraq Ağdam klubuna şərik olub.
Azərbaycanın digər klublarına gəldikdə, "Neftçi" 8,000 xalla 177-ci yeri bölüşür. "Zirə", "Sabah" və "Sumqayıt" 4,000 xalla 310-cu yerdədir. "Qəbələ" və "Şamaxı" isə 3,925 xalla 323-cü sıradadır.
Qeyd edək ki, reytinqin zirvəsində isə 135,000 xalla "Mançester Siti" qərarlaşıb.