“Futbolçularımı təbrik edirəm. Oyun bir az gərgin keçdi”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şamaxı” ilə Misli Premyer Liqasının III turundan təxirə salınan oyunundan sonra mətbuat konfransı deyib.

Təcrübəli mütəxəssis çətin qələbə qazandıqlarını bildirib: “Son saniyələrdə qalibiyyət qolunu vurduq. Qarşılaşma elə gedirdi ki, uduza da bilərdik. Rəqib ağıllı müdafiə olunur, təhlükəli əks-hücumlara keçirdi. Şamaxıda oynamaq heç də asan deyil. Futbolçularım əziyyət çəkdilər. Belə bir havada bizi dəstəkləyən azarkeşlərə də təşəkkür edirəm”.

Baş məşqçi mövsümün geridə qalan dönəmi ilə bağlı da təəssüratlarını bölüşüb: “Bir neçəsini çıxmaq şərti ilə hər oyunumuz gərgin alınıb. Sıx qrafikdə çalışaraq birinci pilləni qoruyub saxlamaq xoşdur. İlin sonlarına yaxın futbolçuların sağlamlıq durumlarına görə narahat olmuşam. Bəzi oyunçularımız hazırda zədəlidir, nə zaman qayıdacaqları bilinmir. Avrokubok matçlarından sonra futbolçularda gərginlik daha çox olurdu. Buna baxmayaraq, çempionatda liderliyimizi qoruya bildik. İldən-ilə bu mövqeni qorumaq heç də asan olmur. Rəqiblər getdikcə bizi daha yaxından tanıyır və istədiyimiz oyunu sərgiləməyə imkan vermir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest