“DÇ-2026-nın seçmə mərhələsinə hazır olmaq üçün faydalı matçlar keçirə biləcəyimiz rəqiblərlə oynamaq istəyirdik. İsveç və Azərbaycanı seçməyimizin səbəbi də budu”. Matc.az xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.
İtaliyalı mütəxəssis iyunda İsveç və Azərbaycan yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri ilə bağlı fikirlərini bölüşüb. O, bunun komandasına xeyir verəcəyini düşünür.
Rossi İsveçi xüsusi vurğulayıb: “Hər kəs İsveçin çox güclü komanda olduğunu bilir. Onlar Millətlər Liqasının B Liqasına yüksəliblər və beynəlxalq arenada tanınmış oyunçuları var. Bir neçə oyun sistemi arasında sürətli keçid edirlər. Əsasən üç müdafiəçi ilə oynayırlar ki, bu da İrlandiya və Ermənistanla matçlara hazırlıq baxımından bizim üçün faydalı olacaq. Portuqaliya millisi də bu sistemdən istifadə edir”.
Macarların çalışdırıcısı Azərbaycan millisini seçmələrini isə belə əsaslandırıb: “Azərbaycan yığması Ermənistanla eyni üslubda oynayır və eyni ustalıq səviyyəsindədilər. Yəni Azərbaycanla görüş bizə Ermənistanla oyuna hazırlaşmağa kömək edəcək”.
Qeyd edək ki, iyunun 6-da “Puşkaş Arena”da İsveçi qəbul edəcək Macarıstan yığması dörd gün sonra millimizin qonağı olacaq.