"Turan Tovuz"un turnir cədvəlinin ön sıralarında qərarlaşması şəxsən məni təəccübləndirmir. Çünki Kurban Berdıyevin gördüyü iş göz qabağındadı. O, əvəzsiz təcrübəsini bizimlə bölüşür və bu, bizə uğurlu çıxış etməyə imkan verir. Berdıyev ən kiçik detallara da fikir verir. Bu isə fərq yaradır”. Matc.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un qapıçısı İvan Konovalov deyib.

Rusiyalı qolkiper "Matç TV"yə müsahibəsində Azərbaycan futbolu ilə bağlı müxtəlif məqamlara toxunub.

O, Misli Premyer Liqasının özünəməxsus xüsusiyyətlərinin olduğunu qeyd edib: “Çempionatda yarışan 10 komandanın hər biri digərlərindən xal almaq gücündədi. Azərbaycan liqası çətin liqadı. Əsasən 6 klub avrokuboklara vəsiqə uğrunda yarışır. “Qarabağ” çempionluğa əsas namizəddi. “Neftçi” isə mövsümə pis start verib. Buna baxmayaraq, hələ qarşıda çoxlu oyun var. Azərbaycan komandalarında “Qarabağ” Rusiya çempionatında yarışsaydı, yüz faiz ilk “onluq”da olardı. “Sabah”, bəlkə “Zirə” də bunu edə bilər. “Neftçi”nin yaxşı yerli futbolçuları var. Onlar da Rusiyada ilk “onluq”da yer ala bilərdilər”.

Konovalov “Turan Tovuz”a keçidinin necə baş tutması haqda da danışıb: “Klubun qapıçılar üzrə məşqçisi Yevgeni Şetinin mənimlə əlaqə saxladı. O, gələcək planlarımı soruşaraq məni “Turan Tovuz”a dəvət etdi. Düşünmək üçün vaxt istədim. Kurban Berdıyevlə yenidən işləmək mənə maraqlı gəldi. Ailəmlə müzakirə etdikdən sonra yekun qərarımı verdim. Bir ildən sonra özünü harada görmək istərdim? Rusiya Premyer Liqasında yüksək yerlər uğrunda yarışan komandada”.

Konovalov Azərbaycanda diqqətini ən çox cəlb edən məqamları açıqlayıb: “İlk növbədə güclü küləyi qeyd edərdim. Bayırda 10 dərəcə isti var, ancaq külək olanda adama elə gəlir ki, temperatur mənfidir. Noyabrdan bəri hava çox soyuqdur. Əvvəl düşünürdüm ki, nəyə görə 15 dərəcə istidə insanlar qış gödəkçələri geyinirlər? Sonra özüm də soyuq olduğunu anlayaraq bunu etməyə başladım”.

Rusiyalı qolkiper Azərbaycan futbolundakı infrastrukturun onu heyran etdiyini vurğulayıb: “Çoxlu yeni stadion tikilib və daha bir neçəsi tikilməkdədi. Meydançalara keyfiyyətli yanaşırlar. Bəziləri sintetik olsa belə, çox yaxşıdı. Azərbaycanda hər şey ürəyimcədi. Mən Azərbaycan futbolunun tarixinə düşməyi bacarmışam. İkinci xarici qapıçıyam ki, ardıcıl 5 oyunda qol buraxmamışam. Ümumilikdə, mövsümün ilk hissəsi həm mənim, həm də “Turan Tovuz” üçün çox yaxşı keçdi”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest