Azərbaycanın futzal millisi yanvarın 31-də Avropa çempionatının əsas mərhələsində növbəti görüşünü keçirəcək. Matc.az xəbər verir ki, millimiz səfərdə Xorvatiya ilə qarşılaşacaq.

Matçın hazırlığını Pula şəhərində davam etdirən millimizin oyunçusu Tofiq Mikayılov Azərbaycan Futzal Federasiyasına fikirlərini açıqlayıb: “Bakıda iki gün ərzində 4 məşq keçirdik. Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq. Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq. Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik. Qalır bunları oyunda tətbiq etmək”.

Mikayılov rəqib haqda da danışıb: “Xorvatiya millisinin gücü hər kəsə məlumdu. Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da heyət üzvləri seçilir. Sonuncu dünya çempionatının final mərhələsində də iştirak ediblər. Bir sözlə, qrupumuzun favoritinə qarşı oynayacağıq. Öz komandamıza gəldikdə, yaxşı kollektivimiz var. Ölkə çempionatının oyunlarında seçilən, fərqlənən futzalçıların hamısı heyətə cəlb olub. Zədə səbəbindən 1-2 futzalçımız kənarda qalıb. Komandamız təcrübəli və gənclərin vəhdətindən formalaşıb. Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik. Qalır oyun zamanı bu istəyimizi reallaşdırmaq. Baş məşqçi onları analiz edib, zəif və güclü tərəflərini deyəcək”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest