AFFA İcraiyyə Komitəsinin dünənki iclasında Misli Premyer Liqasında növbəti mövsümdən komanda sayının 10-dan 12-dək artırılması haqda qərar qəbul edildi. Lakin elitanın yeni iştirakçılarının necə müəyyənləşəcəyi açıqlanmadı. Eyni zamanda liqalararası keçidlərin necə təmin olunacağı, 2 iştirakçı itirəcək I Liqanın onların yerini hansı formada dolduracağı, ora daha çox komanda verməli olacaq II Liqanın taleyi qeyri-müəyyən qaldı.
 
Qeyri-müəyyənliyə son qoymaq üçün yenidən müzakirələr aparılacaq və fevralın sonunda komitə üzvləri növbəti dəfə bir araya gəlib yekun qərar verəcək. Dünənki tədbirdə fikirlər haçalandığından, yekdil fikir olmadığından, müzakirələrin davam etdirilməsi, ən ideal yolun müəyyənləşdirilməsi lazım bilinib.
 
Əsas məsələ Premyer Liqanı hansısa komandanın tərk edib-etməyəcəyidir. İstənilən halda, idman prinsipləri qorunacaq və sonuncu pillənin sahibi rahatca güclülər arasında qalmayacaq.
 
Hazırda komitə üzvləri iki yerə bölünüb. Bir neçə üzv sonuncu olan komandanın I Liqaya düşməsini, oradan isə lisenziya tələblərini yerinə yetirən ilk 3 komandanın elitaya gəlməsini istəyir. Digər qrup isə ilk iki pillənin sahibinin Premyer Liqaya yüksəlməsini, 3-cü yerin sahibi ilə elitanın sonuncusu arasında keçid matçlarının təşkil olunmasını məsləhət bilir.
 
AFFA I Liqada yeni sponsor tapan autsayder “Mingəçevir”ə və ya başqa hansısa kluba imkanlarına görə şans verməyəcək. Burada məhz ilk 3 pillənin sahibinə “yaşıl işıq” yandırılacaq. Hətta infratrukturu tələblərə cavab verməyənlərə də güzəşt ediləcək. Necə ki, muxtar respublikadan didərgin düşən”Araz-Naxçıvan”a Mərdəkanda oynamağa şərait yaradılıb, eyni imkanlar elitanın yeni sakinlərinə də şamil ediləcək. Amma şərtlə: onlar çatışmazlıqları bir il ərzində aradan qaldırmalıdır. Əks halda, komanda göstərdiyi nəticədən asılı olmayaraq aşağı liqaya yuvarlanacaq.
 
Müzakirələrdən sonra hansı formata üstünlük verilməsi bilinəcək. İdman prinsiplərinə mütləq əməl edilməlidir. Lakin aşağı liqa klublarının problemlərini nəzərə alsaq, 3 komandanı birbaşa elitaya buraxmaqdansa, keçid oyunları daha məntiqli görünür. Elitada sonuncu olacaq istənilən komanda I Liqa klublarından daha yaxşı vəziyyətdədir.
 
Hazırda I Liqada ilk pilləni tutan “Qəbələ” illərlə Premyer Liqada oynayıb, hər cür şəraitə malikdir. Sonrakı pillələrdə olan “Karvan”, İmişli”, “Zaqatala”da ən azı stadiona sahibdirlər. Bu klublar indidən qolunu çırmalamalıdır, kiçik qüsurlarına AFFA göz yumacaq, güzəşt edəcək. futbolinfo.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest