Misli Premyer Liqasında 2025-26 mövsümündən etibarən legioner limiti tətbiq edilməyəcək. Matc.az xəbər verir ki, bu hal dünya futboluna heç də yad deyil.

Avropanın bir çox inkişaf etmiş ölkələrində legionerlərə limit qoyulmayıb. “Böyük beşlik” ölkələri olan İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionatları buna nümunədir. Həmin liqalardakı son duruma nəzər yetirək:

İngiltərə Premyer Liqası

İngiltərə Premyer Liqasında legioner limiti yoxdu. Ancaq bir neçə vacib şərt var. Məsələn, komandalar öz siyahılarına ən azı 8 yerli oyunçu daxil etməlidilər. Təkcə İngiltərə yox, Şotlandiya və Uelsdə anadan olanlar da bu siyahıya daxildi. Avropa İttifaqından (Aİ) olan futbolçulara iş vizası verilir.

Əgər oyunçu FIFA reytinqinin ilk “onluğ”una daxil olan ölkəni təmsil edirsə, o, son iki ildə komandanın ümumi matçlarının 30 faizini oynamalıdı. Millisi FIFA reytinqində 31-50 aralığında olanlar oyunların 70 faizində iştirak etməlidi. Futbolçu milli komandaya düşmürsə, yerli federasiya onu xüsusi xallarla (nailiyyətlərə və göstəricilərə görə) müəyyən edir. İşçi vizası almaq və Premyer Liqada oynamaq üçün futbolçu 15 xal toplamalıdı.

Almaniya Bundesliqası

Almaniya Futbol Assosiasiyası hələ 2006-cı ildə Bundesliqada əcnəbilərin sayına qoyulan məhdudiyyətləri aradan qaldırmışdı. Ancaq orada da bir qayda var - ərizədə ən azı 12 alman olmalıdı. Bundan başqa, minimum 4 oyunçu Almaniya klublarında yetişməli və yerli federasiya tərəfindən lisenziyalı akademiyaları bitirməlidi

İtaliya A seriyası

A Seriyasında əcnəbi limiti yoxdu. Ancaq orada da qayda var: ərizədə ən azı 8 italyan olmalıdı. FIGC-nin rəhbəri Qabriele Qravina bu sayın 12-yə yüksəldilməsinin tərəfdarıdı. Həmçinin klublar bir mövsümdə maksimum iki Aİ üzvü olmayan oyunçu ilə müqavilə bağlaya bilər. Əgər bu müddət ərzində üçüncü belə oyunçu gəlsə, komanda Aİ pasportu olmayan bir oyunçusunu satmalıdı.

İspaniya La Liqası

İspaniyada da legionerlərə məhdudiyyət yoxdu. Sadəcə, Avropa İttifaqından kənar oyunçularla bağlı qayda var. Ümumilikdə hər komandanın La Liqa heyətində 5-dən çox Aİ üzvü olmayan oyunçu olmamalıdı. Matçın heyətində isə belə futbolçu sayı 3-ü keçməməlidi. Bəzi hallarda futbolçular klublarının işini asanlaşdırmaq üçün İspaniya vətəndaşlığını alırlar. Buna nümunə kimi Vinisius Junior, Eder Militao və Rodriqonu göstərmək olar. Onlar “Real”da legioner sayılmırlar.

Fransa Liqa1-i

Fransa çempionatında da vəziyyət oxşardı: əcnəbi oyunçular üçün limit yoxdu. Amma Avropa İttifaqından kənar oyunçuların transferi ilə bağlı dəqiq qayda var. Bir mövsümdə maksimum 4 belə oyunçu alına bilər. Meydanda Aİ pasportu olmayan 3-dən çox futbolçu ola bilməz. Ancaq bu, afrikalılara və keçmiş Fransa koloniyalarından olan şəxslərə şamil edilmir. Onlar Aİ pasportu olmayan oyunçu hesab edilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest