Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədovun matc.az saytına müsahibəsi

- Premyer Liqada yeni mövsümdən komanda sayının 12-yə çatdırılmasına qərar verilib. Bununla bağlı fikriniz necədi?

- Təbii ki, bu qərarı müsbət qarşıladım. Artıq neçə vaxt idi ki, komandaların sayının artırılması ilə bağlı söhbət gedirdi. AFFA-nın yeni rəhbərliyi, İcraiyyə Komitəsi bu qərarı verməklə çox təqdirəlayiq addım atdı.

- 12 komandalı çempionat hansı formatda keçirilsə, futbolumuz üçün daha faydalı olar?

- Bunu birmənalı şəkildə demək olmur. Variantlar çoxdu. “Altılıq” sistemi tətbiq oluna və ya 3 dövrəli çempionat keçirilə bilər. Yəqin ki, hansı daha məsləhətlidisə, bütün detalları nəzərə alaraq o variantın üzərində dayanarlar. Mən “Neftçi”ni çalışdırdığım dönəmdə çempionat “altılıq” sistemi ilə keçirilirdi. Buna görə həmin sistemi qeyd edərdim. Amma daha yaxşısı hansıdısa, o da tətbiq olunsun.

- Birinci liqadan hansı komandaların Premyer Liqaya yüksəlməsini istərdiniz?

- Birmənalı şəkildə “Qəbələ”nin adını çəkərdim. Daha çox bölgə komandaları gəlsə, yaxşı olar. Hazırda I Liqada “Qəbələ”dən əlavə “İmişli”, “Karvan” və digər əyalət təmsilçiləri çıxış edir. Premyer Liqada nə qədər çox bölgə komandası çıxış etsə, bir o qədər futbolumuzun xeyrinədi. Çünki azarkeşlərin stadionlara axınını bölgələrdə görürük. Futbolun inkişafı azarkeşsiz mümkün deyil.

- Növbəti mövsümdən Premyer Liqada legioner limitinin ləğv olunmasına münasibətiniz necədi?

- Limitin ləğvinin həm mənfi, həm də müsbət tərəfləri var. Təbii ki, milli komandaya futbolçu seçimi baxımından mənfi təsir edəcək. Xüsusilə, əsas yığma üçün oyunçu seçimi azalacaq. Müsbət məqam kimi legionerlərin sayı artdıqca rüsumun daha da qalxmasını qeyd edərdim. Bütün komandalar 11 legioner oynatmağa məcbur deyillər. Azərbaycan futboluna da xidmət etmək olar. Üstəlik, komandalar yerli futbolçuları istifadə etməklə bonuslar qazana bilərlər. Bu da müsbət məqamlardandı. Artıq bir neçə il idi ki, çempionat legioner limiti tətbiq olunaraq keçirilirdi. İndi yeniliklər olacaq. Bunlar da sınaqdan keçirilsin, baxaq, görək. Ümid edək ki, futbolumuzun inkişafına kömək olar. Yeni inkişaf strategiyası yazılıb. Yeniliklər lazımdı ki, ümumi gedişata müsbət təsir göstərsin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest