“Neftçi” belə oyuna görə utanmalıdır. Söhbət nəticədən, xaldan, turnir cədvəlindəki yerdən getmir. Ölkənin ən imkanlı, ən geniş heyətli iki klubundan biri təcrübəsiz məşqçinin rəhbərlik etdiyi ortabab “Sumqayıt”la matçda bu qədər mənasız, baxımsız futbol sərgiləməməldir.
Samir Abasov gələndən bəri kifayət qədər zaman keçib, Roman Qriqorçukun vaxtı ilə müqayisədə daha çox xal qazanılıb, lakin “Neftçi”nin oyununda hansısa irəliləyişdən danışa bilmərik. Ukraynalı 9 oyuna 5 xal yığmışdı, Abasovun baş məşqçiliyi dövründə 15 görüşdə 22 xal əldə edilib. Amma bu, hətta 10 komanda arasında 5-ci olmağa imkan vermir, turnir cədvəlinin ilk yarısına qalxmaq üçün bir oyunu az olan ən yaxındakı kollektivdən 5 xallıq gerilik var, avrokubok zonası isə 12 xal uzaqlıqdadır.
Düzdür, Premyer Liqanın 24-cü turunun açılış matçının istənilən kimi alınmasına hava şəraiti də imkan vermədi. Amma şərtlər hər iki komanda üçün eyni idi. Abasovun vaxtındakı “Neftçi” 10 nəfərlə oynayan “Qarabağ”la matçın ilk hissəsi istisna olmaqla, heç vaxt azarkeşlərini rahatladacaq futbol oynamayıb. Dünənki matç göstərdi ki, həmin oyunun yaxşı alınmasının da səbəbi rəqibin adının verdiyi motivasiya olub. Motivasiya ilə isə uzağa getmək olmaz. Necə ki “Qarabağ” rəqibin say üstünlüyünə baxmayaraq, matçı çevirib qələbə qazandı.
Dünən isə epizodları analiz edib “Sumqayıt”ın xala, hətta qələbəyə daha layiq olduğunu deməliyik. Abasov bu qələbəni bayram edirsə, özünü, rəhbərliyi aldadır. Onu da nəzərə alaq ki, rəqib 9 oyundur qol vurmayan “Sumqayıt” idi. Belə durumda olan komandanı yenmək üçün isə yüzfaizli olmayan penalti köməyə çatdı. Halbuki…
…Yox, Vaqif Cavadovun arzuladığı cümlələri yazmayacam. Səbəbi var…
“Sumqayıt”ın baş məşqçisi matçdan sonra təşkil olunan mətbuat konfransında dedi: “Meydançada verilən qərarlara baxın, mən danışsam, cəzalandırılacam. Hadisələrin axarını gördüz. İnanıram ki, həm oyunla, həm də hakimliklə bağlı ədalətli təhlillər yazacaqsız. Medianın ədalətli yazılarını oxumuşuq. İnanıram ki, yenə belə məqalələr yazacaqsız. Son 10 dəqiqəyə nəzər yetirin. Meydançada verilən qərarlara baxın. Mən danışsam, cəzalandırılacam”.
Öncə Cavadova mətbuatın ədalətinə güvənməsinə, verdiyi qiymətə görə təşəkkürlər. Amma yaxşı olar ki, o, “Sumqayıt” rəhbərliyinə də arxalansın, onlardan da ədalət gözləsin. Cavadov ümid edir ki, mətbuat “Neftçi”nin qapısına iki penalti təyin edilməməsini, yeganə qola səbəb olan cərimə zərbəsinin isə qondarılmasını qabartsın. Kəsəsi, Vaqif bəy dürlü açıqlaması ilə sifariş verir.
Cavadov ağıl öyrətməyi, hiyləgərliyi özünə saxlasın, mətbuatın ədalətinə şübhə etməsin, günahı öz klubunun rəhbərliyində, dövlətin ayırdığı milyonlar hesabına şəxsi biznesini çiçəkləndirən menecer-prezident Riad Rəfiyevdə görsün. Qoy, birinci bu şəxs etirazını bildirsin, klub narazı qaldığı epizodların videogörüntülərini yaysın, etirazını sivil qaydada çatdırsın, mətbuat da dəstək versin. Klub rəhbərliyi kölgədə gizlənəcək, Rəfiyev AFFA rəhbərliyinin xətrinə dəyməmək üçün ağzına su alacaq, əvəzində mətbuatmı döyüşəcək? Öncə “Sumqayıt” səsini çıxarsın, ardınca biz ədalət naminə haqlı olana dəstək verərik.
Həm də axı, Rəfiyev o dəstəyi haqq etmir. 2-3 il öncə bir oyunda hakimlər “Sumqayıt”a qarşı təsadüfən (!) bir oyunda səhv etmişdi, “Futbolinfo” klubu müdafiə etmiş, haqqının yeyildiyini qabartmışdı. Ertəsi həmin Rəfyev açıqlama verərək hakimləri müdafiə etmiş, narazı olmadıqlarını dilə gətirmişdi.
Həmin olay bizə dərs oldu. Ardınca AFFA Riad bəyin onları müdafiə edən mətbuata xəyanətini mükafatlandırdı, komandanın Konfrans Liqasına yollanması üçün elə həmin hakimlərin əli ilə mümkün olan hər şeyi etdi. “Neftçi”nin ötən mövsüm avrokubokdan kənar qalmasına da səbəb məhz “Bakcell Arena”da “Sumqayıt”ın lehinə verilən qərəzli qərarlar oldu. Elçin Məsiyev Konfrans Liqasına vəsiqəni göz görə-görə “Neftçi”dən alıb Rəfiyevin cibinə qoydu.
Təbii ki, həmin səhv dünənki səhvlərə bəraət ola bilməz, lakin Rəfiyevi kimsə müdafiə etməyəcək. Amma göz gördüyündən qorxar. Cavadov zəmanət verirmi ki, Rəfiyev sabah yenə hakimlərə haqq qazandırmayacaq? Əvvəlcə menecer-prezidentindən soruşsun, ondan dəstək alsın, sonra mətbuata yol göstərər.
Vaqif bəy deyir ki, danışsa cəzalanacaq. Əvəzinə biz danışmalıyıq? Haqqını biz müdafiə etməliyik? Biz pis olmalıyıq ki, Rəfiyev rahatca “Sumqayıt”dan biznes obyekti kimi yararlanmağa davam etsin? Deyək ki, dünən hakimlər qələbəni “Neftçi”yə hədiyyə etdi, bəs, 9 oyundur qol vura bilməməyin günahkarı kimdir?
Vaqif bəy, bir həmkarınız var – Elmar Baxşıyev. O, nə vaxt hakimlikdən şikayətlənirsə, ədalət naminə onun sözlərini işıqlandırırıq, amma heç vaxt müdafiə etmirik. Çünki “Araz-Naxçıvan”ın baş məşqçisi də Rəfiyevin etdiyi səhv edib. “Qəbələ”də işləyərkən hakimlər bir matçda komandasını uduzdurmuşdu, biz də həqiqəti işıqlandırdıq, o isə mətbuat konfransında hakimlərin ədalətli olduğunu deyib, məğlubiyyətin səbəbkarı kimi futbolçuları hədəf göstərdi. Həmin gündən kimsə vecə almır.
Təbii ki, mətbuat olaraq işimiz həqiqətləri yazmaqdır. Amma qatığa “qara” deyən Rəfiyev, Baxşıyev heç vaxt umduğu dəstəyi görməyəcək. Bu şəxslər mətbuatın ədalətinə xəyanət etmiş insanlardır. Özlərini şirin satmaq üçün jurnalistləri ayağa verəndə bugünkü aqibətlərini qazanıblar. Klub olaraq haqlarını arasınlar, biz də dəstək verək, amma onlar üçün döyüşməyəcəyik. Bu qədər ağıllıdırlarsa, özlərini müdafiə etməyin də yolunu bilirlər.
Dünənki oyuna qayıtsaq, “Neftçi”nin əsas izləyicisindən uzaqlaşaraq təhlükəli zonadan bir qədər uzaqlaşdığını qeyd etməliyik. Əvəzində “Sumqayıt” autsayderlər qrupunun daimi sakininə çevrilməkdədir. I Liqa o qədər də uzaqda deyil. Bir dövrədir qol vurmayan komandanın elitada nə işi var?
futbolinfo.az