"Qarabağ" Misli Premyer Liqasının 24-cü turunda öz meydanında "Sabah"la 1:1 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə soyuq havada, sonlara yaxın da oyunun sürəti artdı. Dinamik futbol oynadılar. Bu oyunda hansısa komanda uduzsaydı, çox üzülərdi. Hər bir futbolçudan razı qaldım. İkimiz də bir xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı kimi görünürdü. Ancaq sonradan oyun aktivləşdi, maraqlı matç alındı.
- Murad Musayev "Sabah"ı çalışdıranda, 3:2 hesablı qələbə qazanmışdı "Qarabağ"a qarşı. Bu mövsüm Kurban Berdiyev və Vasili Berezutski sizə uduzmayıb. Rusiyalı məşqçilərlə sizin komandanızın nəticələri təsadüfdür, yoxsa yaxşı analiz edirlər?
- Deyəcək bir şey yoxdur. Bura gəliblər, istəklidirlər, böyük təcrübə keçmiş məşqçilərdir. Bəlkə "Sabaha"a uduzacağıq, ya udacağıq. Hər məşqçi, komanda rəqibi analiz edir. Normaldır. Görünən odur ki, biz daha çox çox təhlil etməliyik. Belə bir şey yoxdur ki, həmişə "Qarabağ", Qurban Qurbanov qalib gəlməlidir.
- 7-8 futbolçunun müqaviləsi bitir. Onlarla hazırki durum necədir?
- Vaxtımız var. Mövsüm boyu fikirlər, düşüncələrdə dəyişikliklər olur. Hansısa futbolçunu göndərməyi düşünürsən, sonra saxlamaq istəyirsən. Ya da, əksinə. Mövsümün sonuna kimi vaxt var. Sonda dəqiq məlumatlar bildiriləcək.
- Buraxdığınız qolu necə şərh edərdiniz?
- O epizodda daha çox Sekidikanın ustalığını qeyd etmək lazımdır. Daha diqqətli olmaq lazımdır. Mateus Silvaya irad deyildi, motivasiya verdim ki, daha bərk oynamaq lazımdır.
- Bu oyunda bir xal qazandız, yoxsa itirdiz?
- Qazandıq. Xalımızın üzərinə xal gəlirsə, qazanmış hesab edirəm.