Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin hesab edir ki, Çempionlar Liqasının yeni formatı artıq öz effektivliyini sübut edib.
Matc.az xəbər verir ki, qrumun rəhbəri yeni formatın uğurlu olduğunu deyib:
"Mən yeni format haqqında yalnız müsbət rəy eşitmişəm. Başlanğıcda daha çox tənqid var idi, bu da dəyişikliklər baş verəndə ortaya çıxır. İnanıram ki, hazırda insanların 99%-i Çempionlar Liqasının yenilənmiş formatından razıdır.
Müsabiqə daha da gözlənilməz olub. Son ana qədər kimin vəsiqə qazanacağı məlum deyildi. Bu, tam uğurdur, Çempionlar Liqasının reytinqləri əladır. Avropa Liqası və Konfrans Liqası da daxil olmaqla hər üç turnir uğurludur.
Sponsorlar bu turnirlərdə daha çox komandanın iştirakını görməkdən məmnundurlar. İndi onlar UEFA yarışlarına qatılmaq və sərmayə qoymaq üçün daha da həvəslidirlər. Eyni şey televiziya və matçları işıqlandıran digər yayımçılara da aiddir".
Qeyd edək ki, Çempionlar Liqasının yeni formatı cari mövsümdən qüvvədədir.