"Qarabağ" çempionlar Liqasında növbəti oyununu keçirdi. Matc.az saytı xəbər verir ki, Azərbaycan çempionu II təsnifat mərhələsinin ilk matçında öz meydanında İsveçrə təmsilçisi "Sürix" üzərində minimalhesablı qələbə qazandı. İlk 45 dəqiqəni aşkar üstün keçirən Ağdam təmsilçisinin fasilədən sonra bu tempi davam etdirə bilməməsi "Sürix"i bir həftə sonra keçiriləcək cavab oyunu öncəsi ümidləndirdi.
"Qarabağ" (Azərbaycan) – "Sürix" (İsveçrə) – 3:2
Qollar: Kadi Borqes, 17, İbrahima Vadji, 36, 66 - Lindrit Kamberi, 65, Mirlind Kryeziu, 85 (pen.)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: İrfan Peljto, Senad İbrisimbeqoviç, Davor Beljo, Miloş Qiqoviç (hamısı Bosniya və Herseqovina)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 29. Marko Veşoviç (30. Abbas Hüseynov, 78), 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 71), 7. Riçard Almeyda, 8. Marko Yankoviç (18. İsmayıl İbrahimli, 71), 19. Filip Ozobiç (77. Ramil Şeydayev, 59), 10. Abdullah Zubir, 20. Kadi Borqes, 25. İbrahima Vadji (11. Ovusu Kvabena, 78)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
"Sürix": 25. Yanik Brexer, 2. Lindrit Kamberi, 3. Adrian Gerrero, 6. Fidan Aliti, 31. Mirlind Kryeziu, 16. Mark Hornşux (17. Şeyk Konde, 46), 21. Blerim Cemaili (8. Ole Selnes, 76), 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto (11. Jonatan Okita, 90), 23. Fabian Roner (15, Ayequn Tosin, 76), 10. Antonio Markesano (7. Bledian Krasniqi, 76)
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 9. İvan Santini, 28. Karol Mets, 33. Ştefan Zayler, 35, İlan Sauter, 39. Akakiy Qoqia
Baş məşqçi: Franko Foda
Matç başlamamışdan yaranan bayram ab-havası
Bir həftə əvvəl "Lex" üzərində möhtəşəm zəfərdən (5:1) sonra Azərbaycan çempionuna inam o qədər artmışdı ki, budəfəki tələb daha böyük idi. Azarkeşlər hətta "Qarabağ"ın cütün taleyini ilk görüşdəcə həll edəcəyini düşünürdü. Elə matça olan maraq da Qurban Qurbanovun yetirmələrinin ötən həftə göstərdiyi şücaətə uyğun idi. Qarşılaşma hələ start götürməmişdən tribunalar ağzına qədər dolmuşdu. Oyundan öncə stadionda əsl futbol bayramı ab-havası var idi. Yalnız futbolçuların qələbə ilə bunu ikiqat bayrama çevirməsi qalmışdı.
"Sürix"də ümid verən dəyişikliklər
Qurban Qurbanov "qalib heyəti dəyişməzlər" prinsipinə əməl etdi. "Lex" üzərində Bakıdakı qalibiyyətin memarları yenə ilk dəqiqələrdən döyüşə atılmışdı. Vitse-kapitan Qara Qarayev zədə səbəbindən yenə iştirak ərizəsində yer almamışdı. Həmçinin son transfer Julio Romao da "23-lük"də yox idi. Bütün ümidlər irəlidəki hücum "dördlüy"ünə bağlanmışdı. Ən böyük narahatlıq isə Riçard Almeydanın vərəqə limitində olması idi. "Lex"lə hər iki qarşılaşmada sarı vərəqə alan millimizin üzvü bu dəfə də eyni halla üzləşsəydi, Sürixdəki cavab matçını buraxmalı olacaqdı.
"Sürix"in oyun düzülüşü isə "Lex"dən fərqli idi. İsveçrəlilər də "Qarabağ" kimi 4-3-3 sxemindən yararlanmışdı. Yay fasiləsində heyətlərində ciddi dəyişiklik olmasını, eyni zamanda yeni baş məşqçinin gəlməsini təmsilçimiz üçün üstülük saymaq olardı. Bir neçə gün əvvəl ölkə çempionatının açılış turunda "Yanq Boyz"a biabırçı şəkildə məğlub olmaları da (0:4) komandanın hələ tam formalaşmadığından xəbər verirdi.
Amansız təzyiqin gətirdiyi qol
İlk dəqiqələrdən "Qarabağ"ın ehtiyatlı həmlələr etməsi gözlənilirdi. Ancaq Qurban Qurbanovun yetirmələri bunun əksinə, hakimin start fitindən dərhal sonra amansız pressinqə üstünlük verdi. Matçın əvvəlləri olmasına baxmayaraq, futbolçularımız hətta top auta çıxarkən belə, tempin "ölməməsi" üçün onu tez oyuna qoşurdular. Hiss olunurdu ki, "Qarabağ" erkən qolla rəqibdə çaşqınlıq yaratmaq istəyirdi. Artıq 2-ci dəqiqədə Filip Ozobiçin təhlükəli zərbəsi Yanik Brexeri seyvə vadar etdi. "Sürix"də diqqətçəkən məqamlardan biri komanda irəli atılarkən topu itirdikdən sonra geri çəkilməkdə gecikməsi idi. Bu da orta sahələrində ciddi boşuqlara yol açırdı. Ancaq "Qarabağ"ın futbolçuları belə vəziyyətlər zamanı son ötürmələri ünvana çatdıra bilmirdilər.
"Qarabağ"ın həm cinahlardan, həm də mərkəzdən aramsız təzyiqi bəhrəsiz qalmaya bilməzdi. Nəhayət, 17-ci dəqiqədə azarkeşlərin "Qool" uğultusu stadionu bürüdü. Kadi Borqes sağ cinahda qəbul elədiyi topu bu dəfə sol yox, elə sağ ayağına çəkərək həm rəqibini çaşdırdı, həm də qüvvətli zərbə ilə toru silkələdi. Az sonra sürixlilər ikinci dəfə mərkəzə dəvət oluna bilərdi. Di gəl ki, İbrahima Vadji asan olanı çətinləşdirdi. Rəqib müdafiəçilərin başını gicəlləndirən seneqallı forvard cərimə meydanına girdikdən sonra topu tribunalara yolladı.
Vadjinin benefisi
"Sürix" futbolçuları meydanda nə baş verdiyini anlamaqda çətinlik çəkirdilər. çünki qarşılarında meydanı onlara dar edən, top üzünə həsrət qoyan rəqib var idi. "Qarabağ" öndə və orta sahədə elə pressinq qururdu ki, qonaqlar topa yiyələnən kimi onu uzun ötürmə ilə irəli vurmaq məcburiyyətində qalırdılar. Belədə də müdafiəçilərimiz topun nəzarətini ələ keçirərək yeni hücum başladırdılar. Vadji isə ilk andakı səhvini 36-cı dəqiqədə yudu. Yenə sürətli reydlərlə rəqibin müdafiəsini pərən-pərən salan afrikalı forvard bu dəfə güclü zərbə ilə qapıçıya heç bir şans vermədi – 2:0. Ancaq bu da Azərbaycan çempionunu sakitləşdirmək bilmirdi. Elə azarkeşlər də "3, 3" deyərək, komandanı növbəti qola səsləyirdi. Bir epizodda buna yaxın olsaq da, "Sürix"in qapıçısı gözəl sıçrayışla qola imkan vermədi.
Bir dəqiqə çəkən sevinc, əvəzləmələrlə "ölən" temp
Sanki fasilə "Qarabağ"a yaramamışdı. çünki komanda ikinci hissənin əvvəllərində ilk yarıdakı parlaq oyununa dönməkdə çətinlik çəkdi. İkinci hissəyə bir dəyişikliklə başlayan "Sürix" isə bundan yararlanaraq ayağında top saxlamağa və hücumda kəsərli olmağa başladı. Təsadüfi deyil ki, ikinci hissənin ilk 10 dəqiqəsində Şahruddin Məhəmmədəliyev düz 5 dəfə rəqibin hücumunu kəsdi. Bunun isə ən azı 3-də hətta qapımızda qol da görə bilərdik. Gedişat əvəzləmə olmayacağı təqdirdə qol buraxacağımızdan xəbər verirdi. Qurban Qurbanov bunu çox gözəl oxuduğundan, dərhal müdaxilə etdi. ümumi hücum ansamblından geri qalan Filip Ozobiçi Ramil Şeydayev əvəzlədi. Bu, yerdəyişmələrə də səbəb oldu. Şeydayev sağ vingerə keçdi, Borqes isə pleymeyker mövqeyinə çəkildi.
Lakin bu dəyişiklik də "Qarabağ"ın qapısında top görməsinə mane olmadı. Standart vəziyyətdən sonra Lindrit Kamberi başla fərqi minimuma endirdi. Hərçənd ötürmə anında o, oyundankənar vəziyyətdə idi. Buna baxmayaraq, qonaqların ümidlənməyə cəmi bir dəqiqə vaxtı oldu. çünki meydanda qarşısıalınmaz olan Vadji yenə sağ cinahdan cərimə meydanına girərək, qüvvətli və qarşısıalınmaz zərbə ilə dublunu rəsmiləşdirdi. Qurbanovun növbəti dəyişiklikləri mövqelər üzrə oldu. Toral Bayramov və İsmayıl İbrahimlinin oyuna qoşulması həmin mövqelərdə daha da canlanma yaratmaq istəyindən qaynaqlandı. Sonrakı dəqiqələr də əvəzləmələrlə "əridi". Əvvəlcə "Sürix"də birdən-birə 3, az sonra isə "Qarabağ"da 2 dəyişiklik oldu. Bu dəfə müdafiənin sağ cinahı ilə hücum xətti yeniləndi. Görüşün qəhrəmanı Vadji isə yerini Ovusu Kvabenaya yerini azarkeşlərin alqış sədaları altında verdi.
Riskli hesab, cüzi üstünlük
Son dəqiqələr qol epizodu baxımından bir qədər kasad keçsə də, hansısa komanda nəzarəti ələ ala bilmirdi. "Sürix"dən fərqli, "Qarabağ"da əvəzetmələr özünü doğrultmadı. Sonradan meydana daxil olanlar komandanın gücünə güc qatmaq əvəzinə səhvlərin sayının artmasına xidmət etdilər. İlk qoldan əvvəl Ramil Şeydayevin rəqibə standart vəziyyət, 85-ci dəqiqədə isə Toral Bayramovun penalti qazandırması buna sübutdu. Düzdü, ikinci qolda Şahruddinin səhvi həlledici oldu. Fasilədən sonra qurtarışları ilə qəhrəmana çevrilən millimizin qapıçısı sadə epizodda topu rəqibə verməklə hücumlarının başlanğıcını qurdu və bu da penaltiyə gətirib çıxardı. Bir sözlə, Məhəmmədəliyevin bir səhvi ikinci hissənin əvvəllərindəki beş düzünü apardı. Penaltini dəqiq yerinə yetirən Mirlind Kryeziu qarşılaşmada son nöqtəni qoydu. Son dəqiqələrdə isə isveçrəlilərin bərabərlik topu üçün tələsik həmlələri bir nəticə vermədi.
Beləliklə, "Qarabağ" böyük hissəsini üstün keçirdiyi matçda minimalhesablı qələbə ilə kifayətlənməli oldu. Hesab hər nə qədər riskli olsa da, sərgilənən oyun, mübarizə əzmi növbəti mərhələyə işıq saçdı. Azərbaycan çempionu iyulun 27-də İsveçrədə baş tutacaq cavab matçına cüzi üstünlüklə çıxacaq.