“Neftçi”, “Xəzər Lənkəran” və “İnter” klublarının formasını geyinmiş Valeri Abramidzenin matc.az saytına müsahibəsi
- Azərbaycandakı karyeranızı necə xatırlayırsınız?
- Çox yaxşı xatırlayıram. Azərbaycandakı karyeramdan razıyam. Oynadığım hər bir klub üçün əlimdən gələni etmişəm. Ölkənizdə karyeramın uğurlu olduğunu deyə bilərəm. Çünki həm “Neftçi”, həm “Xəzər Lənkəran”, həm də “İnter”lə uğurlar qazanmışam.
- Yəqin ki, Azərbaycan futbolunu diqqətdə saxlayırsınız. Futbolumuzda irəliləyiş varmı?
- Klub futbolunuzda inkişaf baş verib. Bu da “Qarabağ”ın hesabınadı. Qurban Qurbanovun komandası hər il avrokubokların qrup mərhələsində çıxış edir. Bu, təqdirəlayiq haldı.
- “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində bu gün "Braqa" ilə səfər matçına çıxacaq. Şansları necə dəyərləndirirsiniz?
- “Qarabağ”ın bu mərhələni adlamaq üçün yaxşı şansı var. Qurban Qurbanov güclü komanda formalaşdırıb. Onlar “Braqa”nı mübarizədən kənarlaşdıra biləcək gücdədilər. Düzdü, “Braqa” da yaxşı rəqibdi. Bu komandanın Portuqaliya çempionatında öz yeri var. Bununla belə, “Qarabağ”dan güclü deyillər. “Braqa” “Qarabağ”a münasib rəqibdi.
- Keçmiş komandanız “Neftçi”nin hazırkı durumu haqda nə deyə bilərsiniz? Adrian Mutu istefaya göndərildikdən sonra baş məşqçi postuna Miodraq Bojoviç gətirildi. Onun gəlişindən sonra komandanın oyununda dəyişiklik hiss olunur?
- Bojoviç yaxşı, təcrübəli mütəxəssisdi. Onun “Neftçi”də ortaya iş qoyması üçün zamana ehtiyacı var. Heç bir məşqçi qısa müddətə güclü komanda formalaşdıra bilməz. “Qarabağ”a fikir verin, Qurban Qurbanov uzun illərdi ki, bu klubun baş məşqçisidi. Ona vaxt verdilər və Qurbanov da bunun qarşılığında yaxşı komanda formalaşdırdı. Tez-tez məşqçi dəyişməklə güclü komanda qurmaq mümkün deyil.
- “Neftçi”nin son illərdə hegemonluğu “Qarabağ”a təhvil verməsi yəqin ki, sizi məyus edir…
- “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdı. Mən oynadığım dövrdə bu komanda həmişə çempionluq uğrunda mübarizə aparıb. İndi də elə olmalıdı.
- Azərbaycanda məşqçi kimi qayıtmaq istərdiniz?
- Əlbəttə, istərəm. Amma elə bir təklif yoxdu. Təklif gəlsə, məmnuniyyətlə razılıq verərəm.