Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa” ilə keçirəcəyi oyuna təyinat alan Georgi Kabakov futbolumuz üçün yad sima deyil. Matc.az saytının məlumatına görə, bolqarıstanlı referinin yolu dörd dəfə Azərbaycan təmsilçiləri ilə kəsişib.
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa” ilə keçirəcəyi oyuna təyinat alan Georgi Kabakov futbolumuz üçün yad sima deyil. Matc.az saytının məlumatına görə, bolqarıstanlı referinin yolu dörd dəfə Azərbaycan təmsilçiləri ilə kəsişib.
2013-cü ildən FİFA referisi adını daşıyan Kabakov ilk olaraq həmin il U-17 yığmamızın Avropa çempionatının seçmə mərhələsində Rusiya ilə səfər görüşünün (0:1) dördüncü hakimi olub.
O, əsas millinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə səfər matçında isə baş hakim kimi fəaliyyət göstərib. Bu, 2019-cu ilin martına təsadüf edib. Komandamız Zaqrebdə hesabı açsa da, sonda 1:2 hesablı məğlubiyyətə düçar olub.
Bolqar referi 2 dəfə də “Qarabağ”ın görüşünü idarə edib. O, 2015-16 mövsümündə “Qarabağ”ın oyununda ədalət təmsilçisi olub. Belə ki, o, Azərbaycan çempionunun Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”la səfər görüşünə fit çalıb. Reynaldonun 57-ci dəqiqədə vurduğu yeganə qol Ağdam təmsilçisinə Monteneqroda 1:0 hesablı qələbə qazandırıb. Qarşılaşmada 3 dəfə əlini cibinə atan 37 yaşlı hakim hər üç halda ev sahiblərinə sarı vərəqə göstərib.
Kabakov cari mövsüm Avropa Liqasının pley-offunda da “Qarabağ”ın matçında iş başında olub. Çempionumuz Sloveniyada “Olimpiya”nı 2:0 hesabı ilə məğlub edərək, qrup mərhələsinə yüksəlib. Həmin görüşdə Kevin Medina və Leandro Andrade fərqlənib, Julio Romao isə sarı vərəqə alıb.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.