21 Fevral 2024, 13:14
FUTBOL
“Oyun maraqlı olacaq. Rəqibimiz çox güclüdür".
Matc.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Olavio Juninyo məxsusdu.
Braziliyalı hücumçu Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında jurnalistlər önünə çıxıb. O, səfərdə 4:2 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, qarşılaşmaya ciddi hazırlaşdıqlarını deyib: “Matça ciddi hazırlaşmışıq. "Braqa" mövsümə başqa turnirdə başlamışdı, indi Avropa Liqasındadır. Bu da onların təhlükəli olduğunu göstərir. Doğma azarkeşlərimizin qarşısında oynamağımız önəmli faktordur. "Braqa" yaxşı komandadır. Oyunun taleyini detallar həll edə bilər. Buna diqqət yetirməliyik. Evdə oynamağımız üstünlükdür".
Forvard ilk görüşdəki nəticənin sürpriz olmadığını düşünür: "İlk oyundakı nəticə rəqibi təəccübləndirmədi. Çünki bizi tanıyırdılar, bu cür oynayacağımızı gözləyirdilər".
Juninyo "Qarabağ"a qısa zamanda öyrəşdiyini qeyd edib: "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik".
O, rəqib komandanın qələbəyə köklənməsinə münasibət bildirib: "Düşərgəmizdə ab-hava çox yaxşdır. Futbolçularımız oyuna kökləniblər. Rəqib düşərgədəki bu tip açıqlamaların bizə hansısa təsir göstərəcəyinə inanmıram. İlk görüşdə inamlı qələbə qazandıq. Hər iki komanda üçün çətin oldu. Öz meydanımızda hər şeyin bizim üçün yaxşı nəticələnəcəyinə inanırıq. Avropa Liqasında istənilən nəticə gözləniləndir. İlk matçda qazanılan qələbə hələ heç nə demək deyil. Şansları yarı-yarıya dəyərləndirirəm".