21 Fevral 2024, 20:56
FUTBOL
“İlk oyundakı hesab qarşımızda çətin missiyanın durduğunu göstərir". Matc.az xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje deyib.
Portuqaliyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
52 yaşlı mütəxəssis ilk matçdakı 2:4 hesablı məğlubiyyəti unutdurmağa çalışacaqlarını bildirib: “Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik. "Qarabağ" isə oynamayıb. Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. Yaxın zamanda ölkə kubokunun qalibi olmuşduq. Mövsüm hələ bitməyib. Mərhələ keçməklə uğurun davamını gətirə bilərik. Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik. Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik. "Braqa"nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır".
O, komandaya yüksək tələblə çıxış etdiyini bildirib: "Oyunçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik. Çox keyfiyyətli futbolçularımız var. Onlar istənilən anda matçın taleyini həll edəcək gücdədirlər. Onların qarşıya qoyulan hədəfi yerinə yetirəcəklərinə şübhə etmirəm. Bu, istəkdən xəbər verir. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda hədəfimiz minimalhesablı qələbə yox, mərhələ adlamaqdır".
Çalışdırıcı Portuqaliyadakı qarşılaşmada ilk qolun həlledici rol oynadığını düşünür: "Braqada ilk qolu buraxmağımız oyunun açar anı idi. "Qarabağ"ın üstünlüyə yiyələnməsi mühüm rol oynadı. İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz. "Qarabağ" həm güclü komandadır, həm də individual cəhətdən yaxşı oyunçuları var. Etiraf etmək lazımdır ki, orada "Qarabağ" üstün idi. Bu da hesabda öz əksini tapdı. Hətta ikinci hissədə bir periodda başımızı itirmişdik. Lakin sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli olmalıyıq".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.