Sabah Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək. Matc.az saytının məlumatına görə, oyunlar üç günü əhatə edəcək.
Açılış matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası doğma arenasına qonaq qismində çıxacaq. Çünki “Kəpəz” rəqibini məhz Qəbələdə qəbul edəcək. Bu, Premyer Liqada qalmaq uğrunda mübarizədə həlledici oyunlardan biri ola bilər. Gəncə təmsilçisi qalib gələrsə, autsayderlə aradakı xal fərqini 8-ə yüksəldəcək. Əks təqdirdə, “qırmızı-qaralar” sonuncu pillədən qurtulmaq ümidini artıracaq.
Eyni xala malik “Səbail”lə “Sabah” birincilərin meydanıda üz-üzə gələcək. Avrokubok iddiasında olan “Turan Tovuz” ikinci yeri hədəfləyən “Neftçi”ni qəbul edəcək.
“Araz-Naxçıvan” son vaxtlar uğursuz nəticələr göstərən “Zirə” ilə qarşılaşacaq. Yenilgi 4-cü pillədəki bakılıları daha bir neçə pillə aşağı yollaya bilər. Lider “Qarabağ” isə ən yaxın izləyicisi “Sumqayıt”ı sınağa çəkəcək.
Premyer Liqa
XXIV tur
23 fevral (cümə)
17:00. “Kəpəz” – “Qəbələ”
Qəbələ şəhər stadionu
24 fevral (şənbə)
15:00. “Turan Tovuz” – “Neftçi”
Tovuz şəhər stadionu
17:30. “Səbail” – “Sabah”
“ASCO Arena”
25 fevral (bazar)
16:30. “Araz-Naxçıvan” – “Zirə”
“Dalğa Arena”
19:00. “Qarabağ” – “Sumqayıt”
Tofiq Bəhramov adına Respublika Stadionu