Azərbaycan yığmasının sabiq müdafiəçisi Deni Qaysumovun matc.az saytına müsahibəsi
- “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə səfərdə keçirdiyi ilk matçda 4:2 hesablı qələbə qazandı. Komandamızın bu hesabla qalib gələcəyini gözləyirdiniz?
- Düzü, bu hesabın qeydə alınacağını təxmin etmirdim. Çünki “Braqa” Portuqaliya çempionatında 4-cü yerdə qərarlaşıb və avrokuboklarda da layiqli çıxış edir. Bu mənada, “Qarabağ”ın səfərdə 4:2 hesabı ilə qalib gələcəyini gözləmirdim. Bu hesabı görmək mənim üçün çox xoş oldu.
- Portuqaliyadakı görüşdə “Qarabağ”ın heyətində daha çox hansı futbolçuların oyununu bəyəndiniz?
- “Qarabağ”ı komanda şəklində bəyəndim. Buna görə də kimlərisə fərqləndirməyə ehtiyac görmürəm.
- Azərbaycan çempionu bu gün “Braqa” ilə cavab matçına çıxacaq. Bakıdakı görüşdə hansı nəticəni gözləyirsiniz?
- “Qarabağ”ı növbəti mərhələyə daşıyacaq istənilən nəticə mənə qəbuldu. Komandamız səfərdə yaxşı oynayıb qələbə qazanmaqla ən çətin missiyanın öhdəsindən gəlib. Bugünkü görüşdə də “Qarabağ”dan layiqli oyun və mübarizə gözləyirəm.
- Bəzi mütəxəssislərin fikrincə, “Braqa” Bakıdakı oyunun ilk 20 dəqiqəsi ərzində hesabı aça bilsə, “Qarabağ”ın növbəti mərhələyə adlamaq işi çətinləşə bilər. Bu fikirlə razısınız?
- “Braqa” güclü komandadı. “Qarabağ”ın bəxtinə çətin rəqibin düşdüyünü əminliklə söyləmək olar. Ancaq Portuqaliyadakı matçda qeydə alınan nəticə təsadüfi deyil. Bu onu göstərir ki, “Qarabağ” da güclü komandadı və bizim futbolçular özlərini yaxşı tərəfdən göstərirlər.
- “Braqa”nın heyətində ən çox hansı futbolçudan ehtiyatlanmaq lazımdı?
- “Braqa” komanda şəklində təhlükəlidi. Qurban Qurbanov bütün detalları futbolçulara başa salıb və rəqibin ayrı-ayrılıqda hər bir futbolçusunun üstün cəhətlərini izah edib. Bu mənada, “Qarabağ”ın futbolçuları “Braqa”nın oyunçularını necə dayandırmalı, müxtəlif situasiyalarda nə cür davranmalı olduqlarını yaxşı bilirlər. Cavab matçını səbirsizliklə gözləyirəm. Dualarımız “Qarabağ”ladı. Komandamıza qələbə və uğurlar arzulayıram.
- Sizcə, “Qarabağ” Avropa Liqasında hansı mərhələyədək irəliləmək gücündədi?
- Bugünkü oyun komandamız üçün ən çətin və vacib görüşdü. Hamı fikrini bu matça yönəltməli və qalan məsələləri beynindən atmalıdı. Şəxsim fikrim belədi ki, “Qarabağ” bu oyunla yarımfinala çıxa bilər.