Yığma komandamızın hücumçusu Mahir Emrelinin “Dinamo”dakı taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, Xorvatiya mətbuatı 26 yaşlı futbolçunun Zaqreb klubunda qalmayacağını yazıb.

Baş məşqçi Sergey Yakiroviçin növbəti mövsümlə bağlı planlarında olmayan Emreli yay fasiləsində “Dinamo”dan ayrılacaq. Rəqabətdə uduzduğu üçün heyətə düşməkdə çətinlik çəkən Mahirin özü də dəyişikliyin tərəfdarıdı. Əslində, onun hələ qışda zaqreblilərdən ayrılacağı ehtimal edilirdi. Həmin vaxt futbolçunun adı “Rubin”lə birgə hallanırdı, həmçinin Türkiyə klublarının onun xidmətində maraqlı olduğu bildirilirdi. Sadəcə, Mahirin qış toplanışı zamanı yoxlama görüşündə zədə alması onun başqa kluba keçidini əngəlləmişdi.

Emrelinin klubla 2026-cı ilin yayınadək müqaviləsi olsa da, “Dinamo” rəhbərliyi onu icarəyə vermək variantına razı deyil. Xorvatlar Mahiri birdəfəlik satmaq niyyətindədilər. Lakin bunun üçün millimizin üzvünə real təklif gəlməlidi. İndiki halda isə əsl formasından çox uzaq olan Mahirin xidmətində başqa klublar maraqlı deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest