"Qarabağ"ın hücumçusu Olavio Juninyonun "Sevilya"ya keçidi alınmayıb. Matc.az xəbər verir ki, bu barədə Braziliyanın "Globo" nəşri məlumat yayıb.

Buna Juninyonun İspaniya klubuna keçmək fikrindən daşınması səbəb olub. Belə ki, “sambaçı” onun xidmətində maraqlı olan digər klub - “Flamenqo”da oynamaq fikrinə düşüb.

Bildirilir ki, bugünlərdə "Flamenqo"nun baş məşqçisi Filipe Luis Juninyoya zəng edib. "Atletiko"nun sabiq müdafiəçisi həmyerlisi ilə telefon danışığında Juninyonu komandasına keçməyə inandıra bilib. Məhz bundan sonra 28 yaşlı forvard "Sevilya"nın təklifini rədd edib.

Hazırda "Flamenqo" və "Qarabağ" klubları arasında danışıqlar getdiyi qeyd olunub. Braziliya təmsilçisi Olavio ilə tez bir zamanda müqavilə bağlamaq və onu ABŞ-da keçiriləcək təlim-məşq toplanışına aparmaq niyyətindədi. Danışıqlar müsbət nəticələnsə, Juninyo “Flamenqo” ilə 3 illik sözləşməyə qol çəkəcək.

Xəbərdə qeyd olunub ki, Juninyonun "Sevilya"ya son anda keçməkdən imtina etməsi “Qarabağ”ı narazı salıb. Çünki Ağdam təmsilçisi ispanlarla bütün məsələləri razılaşdırıbmış.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest