"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşmışdıq. Rahid Əmirquliyevin rekord vurması hamımızı sevindirirdi. Rəqib bizi topa sahib olmada üstələdi. Buraxdığımız kuryoz qoldan sonra oyunçularda inamsızlıq yarandı.
 
Ardıcıl neçə oyundur ki, ilk qolu buraxan tərəf biz oluruq. Belə olan halda yenidən toparlanmaq çətindir. Fasiləyə yaxın ikinci qolu buraxdıq. Məndə inam var idi ki, rəqibin qapısında bir neçə qol epizodu yarada biləcəyik. 0:3 geridə olsaq da, son dəqiqədə bir qol vura bildik. "Neftçi" ilə oyunda geridönüş etmək çətindir. Sadəcə, meydanda keyfiyyətdə fərq var idi. Bəlkə də cari mövsüm "Neftçi"nin qapısında bu qədər qol epizodu yaradan ikinci komanda yoxdur. Rəqibə uğurlar arzulayıram, layiqli qələbə qazandı.
 
Mən özümüzü autsayder saymıram. Rəqiblərin imkanları ilə müqayisə aparsaq, autsayderik. Biz hələ çox xallar qazanacağıq. Bu komandanın potensialı var. Heyətə gec qoşulan legionerlər oldu. Bəziləri bizimlə təlim-məşq toplanışına belə qatılmayıb. Legionerlərdən faydalanmaq üçün bizə vaxt lazımdır. Futbolçular üçün də çətindir, fərqli ölkəyə gəliblər. Onlara uyğunlaşmaq üçün vaxt lazım olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest