16 Avqust 2022, 12:25
ÇEMPİONLAR LİQASI
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Azarkeşlərdən daha çox dəstək gözləyəcəyik. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Tarixi nəticəni təkrarlamaq istəyirik. İşimizin nə qədər ciddi olduğunu dərk edirik. Evdə oynayacağıq. Fanatların etimadını doğrultmağa çalışacağıq. Rəqib pley-offadək irəliləyibsə, xüsusi diqqət edilməli nöqtələri var. 90 dəqiqə üstün oyun sərgiləmək niyyətindəyik".
Qarayev havaların isti keçməsinə toxunub: "Bizim üçün də Bakının bürküsü çətinlik yaradır. Doğma meydan amili bu çətinlikdən çıxmağımıza kömək olur. Polşa, Macarıstanda hava daha sərin idi. Bu mənada burada oynamaq onlara daha çətin olur"
Təcrübəli oyunçu komanda daxilində həyəcanın olmadığını söyləyib: "İşimizə peşəkar yanaşmağa çalışırıq. ötən qələbədən sonra azarkeşlərin sevinməsi normaldır. Biz eyforiyaya qapılmırıq, sevinməyə də vaxtımız yoxdur. Sabahkı matçın mahiyyətini dərk edirik. Bu bizə həyəcan yox, məsuliyyət verir. Təmsil etdiyimiz ad var, bunun məsuliyyəti ilə meydana çıxacağıq. Futbolçuların əksəriyyəti çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi".
Sabah Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək "Qarabağ" – "Viktoriya" matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.