UEFA çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan çexiyanın "Viktoriya" (Plzen) komandasının yarımmüdafiəçisi Yan Sikora Bakı səfəri öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu bunları söyləyib:
 
"Qarabağ"ın nəticələri öz sözünü deyir, onlar "Şerif"dən daha yaxşı təşkil olunmuş çox keyfiyyətli komandadır. Amma biz Bakıya qalib gəlmək və mümkün olan ən yaxşı nəticəni qazanmaq məqsədi ilə gedirik".
 
28 yaşlı yarımmüdafiəçi çexiyanın "Slovan" (Liberets) klubunda çıxış etdiyi vaxt Bakıda Avropa Liqası matçında "Qarabağ"a erkən vurduğu qolu xatırlayıb. O, 2016-cı ilin sentyabrın 15-də Mərdəkanda "Dalğa Arena"da keçirilmiş Avroliqanın qrup mərhələsi matçının 10-cu saniyəsində qol vurmaqla turnirin tarixində ən erkən qol müəllifi olub.
 
Sikora bu haqda danışıb: "Ora getməyi səbirsizliklə gözləyirəm, o yerlə bağlı yaxşı xatirələrim var. Həmin vaxt qarşılaşma heç-heçə bitsə də, orada unudulmaz bir şey etdim. Bu qol hələ də rekordlar kitabındadır, ona görə də mənim üçün həmişə xüsusidir. Amma biz indi tamam başqa matçda, fərqli stadionda oynayacağıq və arzumuzu həyata keçirmək və irəliləmək üçün əlimizdən gələni etməliyik".
 
Sabah Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək "Qarabağ" – "Viktoriya" matçına saat 20:45-də start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması ayın 23-də Plzendə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest