UEFA çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qitənin bir nömrəli klub turnirində topa ən çox sahib olan komandadır.
 
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 64 faizlə birinci pillədə qərarlaşıb. Türkiyə "Trabzonspor"u 62 faizlə ikinci, Şotlandiya "Reyncers"i isə 56 faizlə üçüncüdür.
 
Pley-off mərhələsinə qədər 14 qol vuran Ağdam təmsilçisi bu göstəricidə də 2-ci sıradadır. Yalnız Norveçin "Bodo Qlimt" komandası daha çox fərqlənib - 19 dəfə. "Makkabi" (Hayfa, İsrail), "Vikinqur" (İslandiya) və "Ferentsvaroş" (Macarıstan) 12 qolla 3-cü pilləyə şərikdir.
 
Qapıya zərbə sayında da "Qarabağ" 2-ci yerdədir. 87 zərbəsi olan Azərbaycan klubu yenə "Bodo Qlimt"dən geri qalır - 98 cəhd. Ağdam təmsilçisinin 87 zərbəsindən 45-i qapını tapıbsa, 28-i hədəfdən yayınıb, 14 dəfə rəqibdən blok gəlib.
 
"Qarabağ" 49 künc zərbəsi yerinə yetirib ki, bu da 2-ci göstəricidir. Yenə yalnız "Bodo Qlimt" daha artığına nail olub - 54 korner.
 
"Qarabağ" pley-off mərhələsinin ilk oyununda çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə edib. Avqustun 23-də Plzendəki "Dusan Arena"da baş tutacaq cavab matçına saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest