“Avropadakı “Qarabağ” Azərbaycan çempionatındakından fərqlidi”. Matc.az xəbər verir ki, bunu “Zirə”nin portuqaliyalı qapıçısı Tiaqo Silva ölkəsinin “zerozero.pt” saytına müsahibəsində deyib.
23 yaşlı qapıçı Portuqaliya klubu “Braqa”nın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Qarabağ” barədə məlumat verib. O, Azərbaycan çempionunun avrokuboklarda daha balanslı oyun sərgilədiyini düşünür: “Qarabağ” burada daha çox dominant, meydanın rəqibə aid hissəsində oynamağı sevir. Avropada isə əksinədir. Sürətli keçidləri olur. Çünki çox sürətli hücumçuları var. Boş mövqe tapsalar, bundan effektli şəkildə yararlanacaqlar”.
O, “Braqa”nı cütün favoriti adlandırıb: “Ancaq onlar oyuna ciddi yanaşmalıdırlar. Asan olacağını düşünürlərsə, yanlışlığa yol verirlər. “Qarabağ”ın evdə uğurlu nəticə qazanmaq şansı çoxdur. Çünki “Braqa” Bakıya yorğun gələcək. Üstəlik, uzun yol qət edəcəklər. Azərbaycan komandası yanvardan bəri çox motivasiyalıdır. İlin əvvəlində onlarla yoxlama görüşü keçirdik, hələ o vaxtdan “Braqa” haqqında danışırdılar. Püşkatmadan bəri, yəni aylardır “Braqa” ilə oyunlara hazırlaşırlar”.
Tiaqo Silvanı ən çox narahat edən məqam hava şəraitidir: “Son bir neçə gündə hava yaxşılaşıb, lakin hər an küləkli ola bilər. Bu da xeyli çətinliklər yaradır. Soyuqlara dözmək olur, amma küləklə mübarizə aparmaq çətindir. Elə oyunlarımız olub ki, topa zərbə vururuq, geri qayıdır. Belə hal yaşanarsa, matç cəlbedici olmayacaq. Həmin vaxta qədər havanın daha yaxşı olacağına ümid edirəm”.
Qolkiperin fikrincə, Ağdam təmsilçisi yüksək templə ayaqlaşa bilmir: “Düşünürəm ki, “Qarabağ” “Bayer 04” ilə oyundakı kimi qapalı futbol sərgiləyəcək. Belədə “Braqa” topla sürətli davranmalı olacaq. “Qarabağ”ın futbolçuları yüksək intensivliyə öyrəşməyiblər. Top bir qapıçıdan digərinə sürətlə keçərsə, çətinlik çəkəcəklər. Portuqaliyada daha sürətli oyunlar keçirilir. Burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah”a və “Neftçi”yə qarşı gərgin oyunları olur. Amma digər komandalar çox qapalıdır və daha ləng çıxış edirlər. “Braqa” çempionatın ən yaxşı hücumçularından birinə sahibdir. “Qarabağ”ın müdafiəçiləri isə təkbətək mübarizə aparan rəqiblərə öyrəşməyiblər”.
Silva “Qarabağ”ın ölkədaxili yarışlarda uğurunun əsas səbəbini sabitlikdə görür: “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır, ona hörmətlə yanaşmaq lazımdır. Biz isə sistemi bir az dəyişdik və indi onlarla mübarizə aparırıq. “Qarabağ”ın bizdən üstün olduğunu düşünmürəm. Sadəcə, imkanları genişdir, daha sabitdirlər. Titul uğrunda mübarizə aparmaq üçün iki eyni səviyyəli heyətə malikdirlər. Bizdə nisbətən kasad heyət var”.
Gənc qapıçı çempionatda komanda sayının az olmasına da münasibət bildirib: “Birinci Liqada mübarizəyə başlamazdan əvvəl yuxarı qalxan komanda, məsələn, əcnəbi oyunçularla müqavilə bağlamaq üçün gəlirinin olduğunu göstərməlidir. Təqdim etməsəniz, qeydiyyatdan keçə bilməzsiniz və ya yalnız azərbaycanlı oyunçularla qeydiyyatdan keçə bilərsiniz. Bu, yaxşı işdir. Portuqaliya futbolunda maaşlarla bağlı çox mübahisə görmüşük, ancaq Azərbaycanda buna icazə verilmir. Çempionata qatılmaq istəyən komanda kapitala sahib olmalıdır. Premyer Liqada komanda sayı 10-dur. Bu say artmalırdımı? Aşağı liqadakı bir çox komandanın stadionu köhnədir. Onların elitada rəqabətli şəkildə iştirak etmək üçün kapitalının nə dərəcədə olacağını bilmirəm”.
Silva eyni rəqiblə tez-tez üz-üzə gəlməkdən gileylənib: “Təşkilatçılar rəqabətli çempionatın olması üçün dörd dövrədən ibarət format tətbiq ediblər. Sizə bir misal çəkim. “Qəbələ” Konfrans Liqasının təsnifat mərhələsində çıxış etdi, hazırda isə çempionatda sonuncu yerdədir. Amma yaxşı oynayan və çempionatda istənilən rəqiblə rəqabət apara biləcək komandadır. Bu da liqanın rəqabətli olmasından xəbər verir. Burada futbol yaxşıdır, pozitiv şəkildə keçir. Ancaq Portuqaliyadakı qədər böyük rəqabət yoxdur. Azərbaycanda klublar arasında sağlam münasibət var. Həmişə eyni komandalar bir-birinə qarşı oynayır və müəyyən bir nöqtədə sürpriz faktoru olmur. Oyun bir az ölür, çünki komandalar artıq bir-birini çox yaxşı tanıyır və bir-birinə uyğunlaşır. Düşünürəm ki, qış fasiləsi uzun ola bilərdi. Hər halda, yanvarda tribunalarda insanların olması mümkün deyil, hava çox soyuqdur”.
Qolkiper hesab edir ki, əsas problem oyunlara azarkeşin az gəlməsidi: “Oyunlarda azarkeş çatışmazlığı var. Futbol onsuz da yaxşıdır, amma daha yüksək səviyyəyə çatmaq istəyirlərsə, daha çox insanı stadionlara cəlb etməlidilər. “Sabah” bu istiqamətdə çox böyük işlər görür. Onların artıq oyunlardan əvvəl fan-zonası var və daha çox tamaşaçı cəlb etmək üçün dinamika yaradırlar. Bu mənada onlar hamıdan öndədirlər”.