“Portuqaliyada oynamış həmkarlarım “Braqa” və ya “Benfika” ilə düşməyimizi istəyirdi. Çünki bunlar əla komandalardı”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Portuqaliya mətbuatına açıqlamasında deyib.
24 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə düşdüklərinə sevinir: “Portuqaliyada oynamış komanda yoldaşlarım ölkəmizi sevirlər. Pley-offa vəsiqə qazandıqdan sonra Portuqaliya klubuna rəqib olmağımızı istəyirdim. Ailəmlə danışmışam, onlar səfər oyunumuzda stadionda olacaqlar. Möhtəşəm gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailəm və dostlarım qarşısında canlı oynamaq üçün lazım olan hər şey var. Belə hal tez-tez yaşanmır”.
O, mərhələ adlayacaqlarına inanır: “Mərhələni adlayacağımıza inanırıq. Kim olmağımızdan və hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, özümüzə və dəyərimizə güvənirik. Hər şeyini ortaya qoyacaq və hər iki matçda qələbə üçün mübarizə aparacaq “Qarabağ”a söz verə bilərik. Rəqibi təhlil edir, haqqında məlumat öyrənirik. Onların üstün cəhətlərindən xəbərdarıq”.
Andrade “Braqa”nın yarımmüdafiəçisi Joao Moutinyonun azarkeşi olduğunu da əlavə edib: “Braqa”ya rəqib olduqdan sonra haqqında ən çox danışdığım futboçulardan biri Joao Moutinyodu. Onunla qarşılaşmaq üçün həyəcanlanıram. Hər ikimiz Alqarviodanıq. Moutinyonun atası mənim atamın məşqçisi olub. Joaoya xüsusi məhəbbətim var və onun pərəstişkarıyam. Onun oyununu seyr edərək böyümüşəm. Bu, heç vaxt unuda bilməyəcəyim bir təcrübədi. Yenidən evdə oynayacağım üçün çox həyəcanlıyam”.
Kabo Verde millisinin üzvü sonda ötən ay “Qalatasaray”, “Şanxay Şenxua” və Rusiya klublarından təklif aldığını etiraf edib: “Bu variantlar var idi. “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması özümü burada vacib hiss etməyimə səbəb oldu. Danışıqlar uğurlu nəticələnmədi və burada qaldım. Transfer “nağılı” başa çatdıqdan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim”.