“Mançester Yunayted” İngiltərə Premyer Liqasında bir mövsüm ərzində məğlubiyyət sayına görə antirekordu yeniləyib. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” XXXVII turda evdə “Arsenal”a uduzub - 0:1.

Bu, “mankunianlar”ın cari mövsümdə 14-cü yenilgisi olub. Bu da çempionatın Premyer Liqa adı altında keçirildiyi dönəmlərdə antirekorddu. Komanda daha əvvəl 2013-14 və 2021-22 mövsümlərində 12 dəfə məğlubiyyət alıb.

“Mançester Yunayted” tarixində ən uğursuz nəticə isə 1989-90 mövsümündə 16 məğlubiyyətdi. Komanda həmin vaxt 13-cü yeri tutub.

Bundan başqa, “Mançester Yunayted” buraxılan qol sayında son 53 ilin ən uğursuz mövsümünü keçirir. Erik ten Haqın yetirmələri bütün turnirlərdə keçirdiyi 49 görüşdə 82 top buraxıb. Bu isə 1970-71 mövsümündən bəri ən pis göstəricidi.

Qeyd edək ki, “Mançester Yunayted” 36 oyundan sonra 54 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest