Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Türkiyədə seçilən oyunçulardan olmağı bacarıb. Matc.az xəbər verir ki, “Hatayspor” klubunun formasını geyinən 25 yaşlı forvard Superliqanın 2023/24 mövsümündə əlinə düşən fürsətləri daha yaxşı dəyərləndirən futbolçuların sırasındadı.

Aparılan araşdırmanın yekununda Dadaşov ilk “5-lik”də qərarlaşıb. Onun qol vəziyyətlərindən yararlana bilmək göstəricisi 22,727 faizdi. Siyahıya millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”dakı komanda yoldaşı MBaye Nyanq (29,630 faiz) başçılıq edir. "Qalatasaray"ın argentinalı forvardı Mauro İkardi (23,596 faiz) ikinci olduğu halda, "Pendikspor"un üzvü Mam Tiam və "Kasımpaşa"nın formasını geyinən Nuno da Koşta 23,077 faiz göstərici ilə 3-4-cü yerləri bölüşürlər.

Transfer hüququ İsveçrənin "Qrasshopper" klubuna məxsus olan Renat Dadaşov “Hatayspor”da icarə əsasında oynayır. O, Türkiyə çempionatının 36-cı turunda “Ankaragücü” ilə görüşün (2:1) 90-cı dəqiqəsində fərqlənərək komandasına qələbə qazandırıb. Bununla Dadaşov Superliqanın cari mövsümündə vurduğu qolların sayını 6-ya çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest