AFFA-nın prezidenti Rövşən Nəcəf Tailandın paytaxtı Banqkokda təşkil edilən FİFA-nın 74-cü Konqresi çərçivəsində daha iki görüş keçirib. Matc.az xəbər verir ki, o, əvvəlcə Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möllerlə bir araya gəlib.
Qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub.
Daha sonra Rövşən Nəcəf Avstriya Futbol Assosiasiyasının (ÖFB) baş katibi Tomas Hollererlə görüşüb. Bu dəfə gündəm mövzusu uşaq futbolu, kütləvi futbol və qadın futbolu olub.
AFFA prezidenti AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Danimarka və Avstriya millilərinə uğurlar arzulayıb.