“Maritsa” rəsmiləri və Bolqarıstanın idman analitikləri “Turan”ın cəmi bir il əvvəl (2025-ci ildə) yaranmasına baxmayaraq, çox ciddi və təhlükəli bir heyət topladığını vurğulayırlar.

Qadın voleybolçular arasında CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Turan”la qarşılaşacaq “Maritsa” (Plovdiv) klubunun ətrafında və yerli mətbuatda rəqiblə bağlı maraqlı təhlillər yer alıb. Matc.az xəbər verir ki, Bolqarıstan təmsilçisinin nümayəndələri və idman mediası qarşıdakı oyuna dair bəzi məqamları ön plana çıxarıb.

“Yeni yaranmış klub, lakin ulduzlar heyəti”

“Maritsa” rəsmiləri və Bolqarıstanın idman analitikləri “Turan”ın cəmi bir il əvvəl (2025-ci ildə) yaranmasına baxmayaraq, çox ciddi və təhlükəli bir heyət topladığını vurğulayırlar.

Bolqar mətbuatı "Turan"ın heyətindəki Kubanın sabiq milli oyunçuları (Keniya Karkases, Vilma Salas, Ana Yilian Kleqer), Çin millisinin mərkəz blokçusu Yan Hanuy (198 sm) və Cənubi Koreyalı əkizlər (Li Cae-Yonq və Li Da-Yonq) kimi ulduzların varlığına xüsusi diqqət çəkir.

"Maritsa" rəhbərliyi hesab edir ki, kağız üzərində yeni komanda kimi görünsə də, "Turan"ın beynəlxalq təcrübəsi çox yüksəkdi və qrup mərhələsinə vəsiqə uğrunda matçlar son dərəcə gərgin keçəcək.

"Maritsa" rəsmiləri "Turan”ın II mərhələdə Xorvatiyanın "Mladost Zaqreb" klubunu sıradan çıxarmasına diqqət yetiriblər.

"Maritsa" keçən mövsümlərdə "Mladost"u rahat məğlub etsə də, "Turan"ın xorvatları həm 3:0, həm də 3:2 hesablı qələbələrlə mübarizədən kənarlaşdırması Bolqarıstan çempionunda böyük ehtiyatlılıq yaradıb.

Komanda rəhbərliyi hesab edir ki, "Turan"ın Tovuzdakı cavab oyununda 1500 nəfərlik yenilənmiş zalda yaradacağı azarkeş təzyiqi və komandanın hazırlıq səviyyəsi onların işini çətinləşdirəcək.

Yelizaveta Ruban faktoru

Bolqarıstan voleybol dairələrində "Turan"ın aparıcı oyunçusu Yelizaveta Ruban yaxşı tanınır. Onun ötən mövsüm Rumıniyanın "Alba Blaj" klubunda bolqar voleybolçu Monika Krısteva ilə birgə çıxış etməsi və Çempionlar Liqasının əvvəlki mərhələlərində MVP seçilməsi "Maritsa"nın müdafiə planlarında Rubana qarşı xüsusi önəm verəcəyini göstərir.

Qeyd edək ki, “Maritsa” - “Turan” oyunu sabah  keçiriləcək. Qarşılaşma Bakı vaxtilə saat 18:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest