Azərbaycan yığmasının və “Turan Tovuz” klubunun müdafiəçisi Şəhriyar Əliyevin matc.az saytına müsahibəsi

- Milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində Estoniya və Slovakiyaya son məğlubiyyətləri haqda nə deyə bilərsiniz?

- Əslində, hər iki oyuna yaxşı hazırlaşmışdıq. Hər iki görüşdə qol şanslarımız oldu. Amma onları lazımınca dəyərləndirə bilmədik. Estoniya ilə matçda əks-hücumlardan qollar buraxdıq. Slovakiya ilə qarşılaşmanın ikinci hissəsinə komandamız çox yaxşı başlamışdı. Sadəcə, qırmızı vərəqə aldıqdan sonra rəqib üstünlüyü ələ keçirdi. Həm Estoniya, həm də Slovakiya ilə oyunda yaxşı nəticə qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirdik. Alınmadı. İnşallah, qarşıdakı matçlara daha yaxşı hazırlaşıb meydandan istədiyimiz nəticə ilə ayrılarıq.

- Keçək “Turan Tovuz”a. Komandanızın ilk dövrədəki çıxışını necə qiymətləndirirsiniz?

- İlk dövrədə cəmi 1 oyunda məğlub olduq. Bəlkə də, dövrəni daha çox xalla tamamlaya bilərdik. Çalışırdıq ki, turdan-tura daha güclü komandaya çevrilək. Düşünürəm ki, ilk dövrədəki nəticəmiz pis olmadı. Amma bununla iş bitmir. Uğurlu nəticələrin ardını gətirmək lazımdı.

- Fasilədən sonra çempionatdakı ilk oyunda "Sumqayıt"ın qonağı olacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

- “Sumqayıt” son 2 turda “Neftçi” və “Qarabağ”a qarşı çox yaxşı çıxış edib. Onlarda artım hiss olunur. Səfərdə oynayacağıq. Həqiqətən də, “Sumqayıt” evdə yaxşı oynayan komandalarımızdan biridi. Matçın ağır keçəcəyinin fərqindəyik. Rəqibdə baş məşqçi dəyişikliyi baş verib. Onların meydana qələbə üçün çıxacaqları hər kəsə məlumdu. Amma biz də səfərə uğurlu nəticə dalınca yollanacağıq. Rəqibi düzgün təhlil edərək, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik.

- “Turan Tovuz” ilk dövrədəki çıxışını ikinci dövrədə, ümumiyyətlə, çempionatın qalan hissəsində də davam etdirə biləcək?

- Çalışırıq ki, ancaq növbəti oyun haqda fikirləşək. Çempionatın sonunu düşünmürük. Hər oyuna xallar qazanmaq üçün çıxırıq. İkinci dövrəyə də uğurlu start vermək istəyirik. Mövsümün sonuna hələ çox var. Çempionatda enişli-yoxuşlu anlar olur. Premyer Liqamızda bütün komandalar bir-birindən xal almaq gücündədi. İnşallah, çempionatın qalan hissəsini də yaxşı keçirərik və mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandalardan biri olarıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest