Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanovun matc.az saytına müsahibəsi

- Bu gün keçiriləcək “Kəpəz” - “Qarabağ” oyunu ilə Misli Premyer Liqasında ikinci dövrə start götürəcək. 10-cu turun açılış matçından hansı nəticəni gözləyirsiniz?

- Məncə, bu oyunda “Kəpəz”in şansı yoxdu. Gəncə klubunda nə qədər yeni komanda formalaşsa belə, “Qarabağ”ın gücü onlardan qat-qat çoxdu. Təkcə süni meydança amilinə görə “Kəpəz” nəyəsə ümid edə bilər. Lakin mənə bu da inandırıcı gəlmir. Görüşün favoriti birmənalı olaraq “Qarabağ”dı.

- İlk dövrənin uğurlu komandalarından sayılan “Araz-Naxçıvan” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək...

- Çox istərdim ki, hər iki komanda əsas heyətlə oynasın. Əfsuslar olsun ki, bu görüşdə “Şamaxı”nın 3 futbolçusu meydana çıxmayacaq. Bu, onlar üçün böyük itki deməkdi. “Şamaxı” üçün evdə oynaması üstünlükdü. Amma “Araz-Naxçıvan” da səfərə 3 xal qazanmaq üçün gedir. Naxçıvan klubunun turnir cədvəlindəki mövqeyi yaxşıdı, hazırda 3-cü yerdə qərarlaşıblar. Kimin favorit olduğunu demək çətindi. Çünki bu matç da süni örtüklü meydançada keçiriləcək, bu məqam isə “Şamaxı”ya üstünlük qazandıracaq. Ancaq ev sahiblərinin əsas heyətlə oyuna çıxa bilməməsi rəqibin xeyrinədi.

- “Neftçi” yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyunda “Səbail”i qəbul edəcək. Abasov “ağ-qaralar”dakı ikinci məşqçilik dönəminə qələbə ilə başlaya biləcəkmi?

- Bəli, bu, Samir Abasovun “Neftçi”yə qayıdışından sonra ilk oyunudu. “Neftçi”də canlanma olacaq, futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyəcəklər. “Səbail” də turnir cədvəlinin sonlarından xilas olmağa çalışacaq. Qonaqların heyətində itki var. Baxmayaraq ki, “Neftçi”nin turnir cədvəlindəki vəziyyəti yaxşı deyil, bu oyunun favoriti onlardı.

- “Zirə” - “Sabah” görüşündə kimin qalib gəlmək şansı daha çoxdu?

- Bu, turun mərkəzi oyunudu. Nəsə demək çətindi, çünki komandaların güc balansı eynidi. Həm “Zirə”, həm də “Sabah” yaxşı futbol göstərməyə çalışır. “Zirə”nin üstünlüyü matçın onların meydanında keçirilməsi olacaq. Rəşad Sadıqovun yetirmələri artıq komandanın oyununa tam adaptasiya olublar. “Sabah” da turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq istəyəcək. Bu matçda şansları 50/50 olaraq dəyərləndirərdim.

- Tura Sumqayıtda yekun vurulacaq. “Gənclik şəhəri” təmsilçisi Vaqif Cavadovun rəhbərliyi altında ilk oyunda “Turan Tovuz”u qəbul edəcək...

- “Turan Tovuz” hazırda turnir cədvəlində nə qədər öndə olsa da, “Sumqayıt”ı favorit görürəm. Nəyə görə? Çünki “Neftçi” kimi, “Sumqayıt”ın da artıq yeni baş məşqçisi var və Vaqif Cavadov da ilk görüşündə məğlub olmaq istəməyəcək, matça ambisiyalı çıxacaq. Üstəlik, “Sumqayıt” öz meydanında, təbii ot örtüyündə oynayacaq, rəqib isə süni örtüyə öyrəşib. “Sumqayıt”ın hazırkı vəziyyətindən asılı olmayaraq, məncə, komanda bu oyundan xalla ayrılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest