Santuş son oyunlarında şans verdiyi Mehdi Cənnətovun bu dəfə heyətdən kənarda qalmasına aydınlıq gətirib.

Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı bir çox məqamlara toxunub.

O, millinin son oyunlarında şans verdiyi Mehdi Cənnətovun bu dəfə heyətdən kənarda qalmasına aydınlıq gətirib: “Mehdinin çağırılmaması texniki qərardı. Son matçlarda çıxışını bəyənmədim, buna görə də onu milliyə dəvət etmədim”.

O, "Araz-Naxçıvan"ın gənc futbolçusu Mustafa Əhmədzadəni yığmaya dəvət etməsi haqda bunları deyib: “Mustafanın oyununu gördüm və bəyəndim. Onun çıxışı məni cəlb etdi. Bu səbəbdən Mustafanı məşqlərə dəvət etməyi lazım bildim".

Mahir Emrelinin növbəti görüşdə meydana çıxmayacağına da toxunan Santuş hücumdakı problemləri necə həll edəcəkləri ilə bağlı sualı belə cavablandırıb: “Çıxış yolu həmişə var və biz bunu tapmağa çalışmalıyıq. Əlimizdəki materiallardan istifadə edəcəyik. Təlim-məşq toplanışında futbolçuları yoxladıqdan sonra hücumda kimin oynaya biləcəyinə qərar verəcəyik".

Santuş qarşıdakı matçlara qələbə üçün çıxacaqlarını qeyd edib: “Əslində, hər oyuna qələbə üçün çıxırıq. Əlimizdən gələni edəcəyik. Yeni layihənin başlanğıcındayıq. Ümid edirəm ki, gələcəkdə yaxşı olacaq”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniyanı qəbul edəcək millimiz bundan 3 gün sonra İsveçin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest