"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Misli Premyer Liqasının XIII turunun "Sabah" – "Kəpəz" oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Oyuna böyük səhvlə başladıq və qol buraxdıq. 0:1-dən sonra oyuna davam etmək çətindir. Lakin qısa müddət sonra oyunu bərabərləşdirdik və çalışdıq ki, qol vuraq. Demək olar, bəxt sayəsində qol vurduq. Hücuma keçdik, rəqibə təzyiq etdik və belə qol alındı. İkinci hissədə də daha çox hücumda oynadıq, rəqibə nisbətən yaxşı göründük. Oyunu həll etmək üçün iki 100 faizlik qol fürsətimiz oldu, amma yararlana bilmədik. Əfsuslar olsun, qol vura bilmədik və qol buraxdıq.

– Qələbə qazansaydınız, oyuna görə futbolçularınızı təbrik edəcəkdiniz?
– Futbolçuların yanaşmasına, döyüşməsinə görə nəsə deyə bilmərəm. Əfsuslar olsun, iki böyük səhvimizə görə qol buraxdıq.

– Ötən oyunda da son dəqiqələrdə qol buraxdınız. Fiziki cəhətdən çatdırmadığınıza görədir, ya erkən qələbə hissi gəlir?
– "Zirə" ilə oyunda da son dəqiqələrdə qol buraxmışdıq. Bu, fizika ilə bağlı deyil. Hər dəfə bu səbəbdən qol buraxmaq gülməli olardı.

– Futbolçular fərdi oyunda keyfiyyətli olmağa çalışırlar, ancaq sonluq alınmır. Bunun səbəbi nələrdir? Ötən turdakı "Sumqayıt", bugünkü "Kəpəz" sizdən büdcə və keyfiyyət baxımından aşağıdır. Futbolçular rəqiblərə yuxarıdan aşağı baxır?
– Futbolda şansın olur, bəzən qol vura bilirsən, bəzən yox.

– Rəqibləriniz autsayderlər qrupunda yer alan komandalar idi. Bu dövrədə itirilən xallar qarşıdakı dövrələrdə komanda üçün çətinlik yaratmayacaq?
– Bu, normal hal olacaq. Son dövrələrdə bu rəqiblər daha aqressiv oynayacaqlar. Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar. Yaxşı oynayan biz, xal itirən biz. Şərh etmək çətindir. Bu gün də yaxşı oynadıq, amma xal itirən tərəf biz oldu.

"Kəpəz" turnir cədvəlinin sonuncusudur. Komandanın oyuna arxayın çıxdığını düşünmürsünüz?
– Kimisə meydançada rahat görmədim. Desəm ki, kimsə rahat idi, yanlış olar. Hər kəs qələbə istəyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest