Qış fasiləsindən sonra ilk turdaca Azərbaycan derbisinin olması komandalara bərpa olunmaq, uyğunlaşmaq şansı "tanımadı". Turnir cədvəlindəki qonşular, çempionluq yolundakı yeganə rəqiblər və s. kimi amillər can üstə olan Premyer Liqaya müvəqqəti süni nəfəs idi.

 

Məcburiyyət, rəqibə görə seçilən taktika

Rəqibin lider olması da Qurban Qurbanovun oyun planına təsir etməmişdi. Komanda ideala yaxın heyətlə meydana çıxmışdı. Yalnız iki mövqe ilə bağlı seçim birmənalı qarşılanmadı. Hannes Halldorsson və Vaqner da Silvanın olduğu komandada "Neftçi" kimi rəqib önünə çərçivədə Şahruddin Məhəmmədəliyevin dayanması müzakirəyə açıqdı. Yaxşı formada olan Dani Kintana və Filip Ozobiçi start heyətindən "qıra" bilməyən Qurban Qurbanov 21 yaş limitinə düşən Mahir Mədətovu ilk dəqiqələrdən hücumçu qismində meydana buraxmışdı. Halbuki ehtiyatda İnnosent Emeqara kimi mərkəz forvard var idi. Yeni qaytarılan Riçard Almeyda da əvvəlki mövqeyində qərarlaşmışdı.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə "Qarabağ"a qarşı yenə 5-li müdafiə sisteminə üstünlük vermişdi. Kapitan Ruslan Abışov zədəsini sağaltmasına baxmayaraq, italiyalı mütəxəssis müdafiənin mərkəzindəki "üçlük"də yeni transfer Mamadu Mbodja güvənmişdi. Digər transfer Vangelis Platellas da ilk dəqiqələrdən meydanda idi. Yunanıstanlı sağa meyilli formada həm yarımmüdafiəçi, həm də vinger funksiyasını yerinə yetirməli idi. Bu isə Rəhman Hacıyevin ehtiyata düşməsinə səbəb olmuşdu. Bordin hücumda Mirabdulla Abbasov - Baqali Dabo cütlüyünün qolçuluğuna bel bağlamışdı.

Şahruddinə Səlahət "dərsi"

İlk dəqiqələrin "Qarabağ"ın nəzarəti altında keçməsi gözlənilən idi. Lakin erkən qol, bəlkə də, Ağdam təmsilçisinin özü üçün də sürpriz oldu. Qara Qarayevin ideal ara pası zamanı Kintana onu qarabaqara izləyən Anton Krivotsyukun nəzarətindən yayınıb qapıçı ilə təkbətək qaldı və şanı qaçırmadı. Ancaq bu qol da oyunun axarına təsir etmədi. "Neftçi" hesabda geri düşməsinə baxmayaraq, tələsmək və taktiki dəyişiklik üçün erkən olduğunu yaxşı başa düşürdü. Bakılılar bu soyuqqanlı davranışın bəhrəsini gördülər. Yarım saat ərzində yalnız rəqibə ayaq uydurmağa çalışan "flaqman" ilk dəfə 30-cu dəqiqədə korner qazanaraq, toplu şəkildə rəqibin qapısı önünə yığışmaq imkanı qazandı. Bunda Soni Mustivarın sona qədər mübarizəsi xüsusi rol oynadı. Platellasın yaxın küncə havalandırdığı topu özünü Maksim Medvedevə unutdurub, Rəşad Sadıqovu qabaqlayan Kiril Petrov başla qapı önünə göndərdi. Orda isə Şahruddinin çıxışdakı kobud səhvini Mbodj bağışlamadı.

Hər halda "Neftçi"nin ən böyük silahının standart vəziyyət olacağını öncədən təxmin etmək çətin deyildi. Ancaq nədənsə "Qarabağ"ın qapısında çıxışda ən zəif olan Şahruddin dayanmışdı. Onun əks düşərgədəki həmkarı isə hesabın 1:1 olmasında az rol oynamadı. çünki 1:0 olarkən Qaranın uzaq məsafədən zərbəsinə mükəmməl reaksiya göstərən Səlahət Ağayev həm intriqanın "ölməsinə" imkan vermədi, həm də həmkarına qapıda necə dayanmaq lazım olduğunu və bir qapıçının komanda üçün nə dərəcədə təsir qüvvəsinə malik olduğunu göstərdi.

Hücum planını pozan cütlük

"Neftçi" fasiləyə yollanmamış status-kvonu bərpa etdiyindən, bundan sonra taktiki "savaş" başladı. Top ev sahiblərində olarkən qonaqlar 5-li müdafiəni sıxlaşdırır, Mustivar və Eminin də dəstəyi ilə keçilməz qalaya çevrilirdilər. Vangelas sağ cinahdan kömək üçün tez-tez geri çəkilsə də, solda Tural Axundovla Krivotsyuka dəstək olmurdu. Bu azmış kimi, Axundov bek-vinger funksiyasını icra edirdi. ömər Buludovdan fərqli, o, həm müdafiə, həm də hücumda istənilən performansı göstərirdi. ümumiyyətlə, "Neftçi"ni oyun ərzində müxtəlif düzülüşlərdə görmək olardı. Topsuz olduqda bir qayda olaraq 5-2-1-2 və ya 5-2-2-1 kimi oynayan bakılılar topa sahib olduqları zaman bunu gah 4-4-2, gah 4-3-3, gah da 3-5-2-yə dəyişirdilər.

"Qarabağ"da diqqətçəkən məqam irəlidəki 4-lüyün rəqib müdafiəsinin əzbərini pozmaq üçün tez-tez yerdəyişmələr etməsi idi. Amma həlledici ötürmələr Kintananın belində idi. Hücumlar zamanı ona yalnız Filip Ozobiç dəstək verə bilirdi. Ancaq bu ikilinin fəallığı yetərsiz qalırdı. çünki Mahir və Abdullah Zubir meydana nə üçün çıxdıqlarını heç özləri də bilmirdilər. Mədətov əsasən ikili mübarizələrdə tez-tez gah yıxmaq, gah da yıxılmaqla, bunların ardından isə hakimə etirazlarla yadda qalırdı. Zubir isə sol cinahda sanki qeybə çəkilmişdi. Almeyda da Qaranın ortada tək qalmaması üçün çox irəli çıxa bilmirdi ki, bu, Ozobiçlə Kintananı köməksiz qoyurdu. Belədə "Neftçi"nin sıx müdafiə xətti Səlahəti əziyyətə salmırdı.

"Qarabağ"a qarşı "Qarabağ"lıq etmək...

"Qarabağ"ın ikinci hissənin ilk 15 dəqiqəsindəki üstünlüyünə Dabonun yüz faizilik qol şansını qaçırması ilə son qoyuldu. Bu epizod sanki "Neftçi"ni oyatdı, "Qarabağ"ı isə yuxuya verdi. Bundan sonra meydanda sanki bir komanda var idi. Bordinin yetirmələri dominantlıq edir, topu istədikləri kimi "fırladırdılar". Bir sözlə, "Qarabağ"a qarşı "Qarabağ"lıq edirdilər. Meydandakı bu ağalığa isə rəqib yox, öz futbolçuları son qoydu. Hadisələrin bakılıların ürəyincə cərəyan etdiyi anda Krivotsyukun qırmızı vərəqə alması Bordini A planına qayıtmağa, müdafiəyə diqqət yetirməyə vadar etdi. Mirabdullanın əvəzinə müdafiəçi Elvin Sərkərovun meydana daxil olması da hesabı qorumağa hesablanmışdı. Bordinin fiziki göstəricilərinə görə Dabonu oyunda saxlaması düzgün addım idi.

Qələbəyə bərabər heç-heçə

Əks düşərgədə varlığı ilə yoxluğu bilinməyən Zubiri Araz Abdullayev əvəzlədi. Maraqlıdı ki, bu, Qurbanovun qarşılaşmada yeganə əvəzləməsi oldu. Əksəriyyət Emeqaranın hücumu gücləndirəcəyini gözləsə də, baş məşqçi başqa dəyişikliyə ehtiyac duymadı. çünki Ozobiç və Kintana oyunun ən fəalları idi, həlledici rolu oynayırdılar, Mahiri isə limitə görə meydanda saxlamaq məcburiyyət idi. Rəqib azlıqda qaldıqdan sonra Mədətovun bir qədər fəallaşdığını da qeyd etmək lazımdı. Oyunun qalan dəqiqələrində "Qarabağ"ın heyətində iki təhlükəli vəziyyət də Ozobiçin sayəsində yarandı. Ancaq xorvatiyalı baxımlı oyununu qolla bəzəyə bilmədi. Matçı yüksək səviyyədə keçirən Kintananın "10 nömrə"yə yaraşmayacaq uşaq səhvi sonda Qaranın ikinci "sarı" ilə meydandan qovulmasına gətirib çıxardı. Ancaq buna qədər onsuz da, "Qarabağ" 10 nəfərlə qalan "Neftçi"yə gözlənilən təzyiqi etmir, istədiyi hücumları qura bilmirdi. Mamadu Kane və Qoran Paratskinin mübarizəyə qoşulması ilə müdafiəçilərin işi bir qədər də asanlaşdı. Hər halda "Qarabağ" dünən hücumda 5-li müdafiə və önündəki 3 dayaq yarımmüdafiəçisini yaracaq qədər kəsərli deyildi. Yekunda 1:1 hesabını ən yaxın izləyicisinə səfərdə uduzmayan və 3 xallıq fərqi qorumağı bacaran "Neftçi"nin aktivinə yazmaq olar. Bu, bakılılar üçün qələbəyə bərabər heç-heçə idi.

Transferlərin təsir gücü

Hər iki komandanın heyətində yeni adlar var idi. Əslində "Qarabağ"ın üzvü Riçard Almeydanı tam olaraq yeni oyunçu saymaq da olmaz. Sadəcə, onun dönüşündən sonra ağdamlıların orta sahədəki probleminin həlli özünü açıq-aşkar göstərirdi. Milliləşdirilmiş futbolçu formada olmasa belə, yenə "beyin" funksiyasını icra edir, "açar" rolunu oynayırdı. "Qarabağ" bu mövsüm ilk dəfə idi hücumları mərkəzdən qururdu ki, bu da məhz Almeydanın meydandakı varlığı ilə bağlı idi.

"Neftçi"də isə siftəsini qolla "yuyan" Mamadu Mbodj tərifəlayiq oyun sərgilədi. Sərt və qərarlı müdafiəçi təsiri bağışladı. Rəqib hücumçular üçün onu keçmək asan olmayacaq. Vangelis Platellas da debüt oyununu yaxşı keçirdi. Həm sürəti, həm də texnikalı oyunu ilə "Neftçi"yə kömək edə biləcək səviyyədə olduğunu göstərdi. Ondan "10 nömrə" kimi də yararlanmaq olar. Sonradan mübarizəyə qoşulan yarımmüdafiəçi Mamadu Kanenin isə müdafiə tərəfi pis deyildi. Ancaq Mustivar-Mahmudov tandemi ilə mübarizə aparmaq ona çətin olacaq.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest