"Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Məqsədimiz komandanın hərəkətliliyini artırmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və oyun təcrübəsi qazanmaqdı".
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki hazırlıq prosesi çərçivəsində "Alanyaspor"a qarşı keçirdikləri yoxlama matçını (1:1) dəyərləndirib. Matc.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında komandasının istəkli oynamağının onu sevindirdiyini dilə gətirib.
“Ümumi hazırlıq fonunda ilk oyunumuz idi. Komanda əsasən ikinci hissədə daha yaxşı çıxış etdi. Çalışdılar verilən tapşırıqları yerinə yetirsinlər. Buna nə dərəcədə nail olduqlarını faizlə deməyim düzgün olmaz, amma meydanda istəkli olmaları, mübarizədən qopmamaları bizi sevindirməyə bilməzdi. Yeni transferləri meydanda az müddətə də olsa, görə bildik. Onların bəzisi komandaya Türkiyədə qoşulduğuna görə, demək olar, komandadan ayrı məşq edirdilər. Son 2 məşqdə kollektivə qoşuldular. Buna görə də meydana sonradan daxil oldular. Yoxlama oyunlarında nəticə o qədər də önəmli deyil. Məqsədimiz komandanın hərəkətliliyini artırmaq, xətlərarası əlaqəni yaxşılaşdırmaq və oyun təcrübəsi qazanmaqdı”, - deyə E.Baxşıyev bildirib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 2024-2025-ci illər mövsümünün püşkü haqda isə bunları deyib: “İndiki məqamda püşkü düşünmürük. Bu dövrdə məqsəd komandanı daha yaxşı hazırlamaq, heyəti komplektləşdirmək və rəsmi matçlara hazır çıxmaqdı”.