"Fikrimcə, orada penalti və futbolçuya ikinci sarı vərəqə verilməli idi, bəlkə də oyunun taleyi həll olunacaqdı. Musa Quelin sarı vərəqə aldığı epizodda rəqib oyunçumuzun ayağını tapdalamışdı.."
Azərbaycan Premyer Liqasının X turunun son matçında "Şəfa" səfərdə "Sumqayıt"la 1:1 hesabı ilə heç-heçə edib. Matv.az xəbər verir ki, "SOCAR Polymer Arena"da baş tutan qarşılaşmadan sonra paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb.
Mütəxəssis ardıcıl məğlubiyyətlərdən sonra qazanılan ilk xalın sevindirici olduğunu, lakin qələbənin əldən verilməsinin məyusluq yaratdığını bildirib:
"Ardıcıl məğlubiyyətlərdən sonra ilk xalımızı qazandıq. Buna görə sevincliyik. Bir tərəfdən də məyusuq. Bu qədər qol epizodu yaratdıq, amma dəyərləndirə bilmədik. Yenə hesabda öndə olduğumuz oyunda qol buraxdıq və qələbəni əldən verdik. Buna baxmayaraq, uşaqlara təşəkkürümü bildirdim. Həqiqətən də yaxşı oynadılar. Son iki turda da oyunumuzdan razı idim".
"Sumqayıt"a qarşı sərgilənən oyuna toxunan baş məşqçi rəqibi xüsusi təhlil etmədiklərini, bütün matçlara eyni ciddi hazırlıq keçdiklərini vurğulayıb:
"Uduzduğumuz bütün matçlarda mübarizədən çəkinmədən oynamışdıq. “Şamaxı” və “Kəpəz”lə matçlarda komanda dominant futbol sərgilədi. Kollektiv artıq ümid verməyə başlayırdı. “Sumqayıt”ı xüsusi təhlil etməmişdik, bütün oyunlara olduğu kimi hazırlaşırdıq. “Şəfa” çempionatda öz sözünü deyəcək gücdədir. Düşünürəm ki, qarşımıza qoyulan məqsədə çatacağıq".
Zaur Həşimov matçdakı bəzi hakim qərarlarına da münasibət bildirib. O, epizodların birində əleyhlərinə yanlış qərar verildiyini iddia edib:
"Məğlub olduğumuz heç bir oyundan sonra hakimlik haqda danışmamışam. İsa Süleyman top qapıçının əlində olanda zərbə endirdi – bu, açıq-aşkar görünür. Amma hakim bildirdi ki, qəsdən etməyib. Fikrimcə, orada penalti və futbolçuya ikinci sarı vərəqə verilməli idi, bəlkə də oyunun taleyi həll olunacaqdı. Musa Quelin sarı vərəqə aldığı epizodda rəqib oyunçumuzun ayağını tapdalamışdı, həmin qərar da bizə müəmmalı qaldı. Gərgin oyun gedirdi, hakimləri də başa düşürəm. İnanmıram ki, hansısa qərəz olsun".


_1696434000.jpg)









